Bu məktəblər təhsil haqqını QALDIRDI

11:26 05.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünəndən etibarən  2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixdə başa çatacaq.

Xatırladaq ki, ötən il ümumtəhsil məktəblərinin I sinfinə 165 511 şagird qəbul olunub. Bu il də birinci sinfə160 mindən çox şagirdin qəbul olunacağı proqnoz edilir.

Qeyd edək ki, ümumorta təhsil 6 yaşdan etibarən uşaqlar üçün məcburidir.  Şagirdlər dövlət təhsili müəssisələrində və özəl məktəblərdə tədris prosesinə cəlb olunurlar. Özəl məktəblərdə müəyyən məbləğdə təhsil haqı tətbiq olunsa da, şagirdlər dövlət məktəblərində  ödənişsiz formada təhsil almaq imkanı əldə edirlər.

Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar. Məktəblərdə nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması əsas fərqlilikdir. Nəqliyyat xərcləri, məktəbli forması, dərs vəsaitləri, bəzi hallarda qidalanma və s. xərclər təhsil haqqına daxil deyil. Qiymətlər təhsil pilləsindən asılı olaraq (ibtidai, orta və tam orta təhsil) fərqlənir. Bundan əlavə, qiymətlər Azərbaycan, rus və ingilis dilli qruplara görə dəyişir. Azərbaycan bölməsinə nisbətən xarici bölmələrdə illik təhsil haqları yüksəkdir. İngilis bölməsində isə qiymət daha bahadır. Bəzi məktəblərdə tədris yalnız ingilis dilində aparılır. Fərq yalnız yerli ingilisdilli və xarici müəllimlərdədir. Xarici müəllimlərin tədrisi yerli ingilisdilli müəllimlərə nisbətən baha olur. Dərslərdən sonra şagirdlər ev tapşırığını, daha sonra isə əlavə məşğələlərlə vaxtlarını səmərəli keçirirlər. Siniflərdə şagird sayının az olması tədrisin keyfiyyətinə təsir edən başlıca amillərdəndir. Bəzi məktəblərdə mütəmadi imtahanlar keçirilir. Nəticəsi yüksək olanlara 10-15 faiz endirim də tətbiq olunur. Eyni zamanda, əgər məktəbə bir ailədən 2 və daha çox uşaq gedərsə, təhsil haqqında endirim olur.

Qiymət artımı 500-3000 manat arası dəyişir

Əslində, Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərdə təhsil haqqı heç də ucuz deyil. Yeni tədris ilindən bəzi özəl orta məktəblər illik təhsil haqqı məbləğində artım etməyə hazırlaşırlar. Bəzi məktəblərdə artım 500-800manat, bəzilərində 1000-1500 manat, digərlərində 2000-3000 manat nəzərdə tutulub. 

Görəsən, bu məktəblər təhsil haqları nə qədərdir? Nəzərdə tutulan qiymət artımına səbəb nədir? Ümumiyyətlə, özəl orta məktəblərdə birinci sinifə ildə neçə şagird qəbul edilir?

Apardığımız araşdırmanın nəticəsi olaraq əvvəlcə Bakıda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətlərinin siyahısını təqdim edir:

1. Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”)  1-dən  9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları  (təxminən 57 min 800 manat). 

2. Baku Oxford School tam orta ümumtəhsil məktəbi illik təhsil haqqı  1-5 siniflər üzrə 16 000 manatdır. (ötən tədris ilində 15 500 manat olub). 

3. ABC – Azərbaijan British College

İbtidai təhsil– 15 400 AZN.

4. Müasir Təhsil Kompleksi

Azərbaycan bölməsi - 12 000 AZN.

Xarici bölmə - 16 000 AZN.

5. “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Azərbaycan bölməsi – 8000 AZN.

Rus bölməsi - 10 000 AZN.

İngilis dili - 12 000 AZN.

6.Sabis Sun İnternational School

İbtidai təhsil - 11970 AZN (ötən il 11 500 manat olub).

7. Avropa Azərbaycan Məktəbi

1-4-cü siniflər- 10400 AZN  (ötən il 9950 manat olub).

8. Xəzər Universitetinin “Dünya məktəbi”

Azərbaycan, rus bölmələri üçün.

1-9-cu siniflər - 7500 AZN

İngilis dili bölməsi üçün

1-4-cü siniflər - 9500 AZN

9. Oxbridge Academy

1-6 sinif - 6 500 USD

10. Kaspi liseyi

Ağ Şəhər filialı Azərbaycan bölməsi 1-4-cü siniflər – 7300AZN, Bakıxanov filialı - 6800AZN

Rus bölməsi - 8300 AZN

Ağ Şəhər filialı ingilis bölməsi- 9300 AZN, Bakıxanov filialı-7500 AZN

11. Hədəf liseyi

Azərbaycan bölməsi 1-4-cü siniflər - 7500AZN

Rus bölməsi – 8000 AZN

İngilis bölməsi üzrə - 8500 AZN

 

Onu da qeyd edək ki, bəzi məktəblərin filiallarında ünvandan asılı olaraq qiymətlər fərqli ola bilər.

Ölkədə 50 özəl məktəb var

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, özəl təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirməkdə müstəqildir:

“Amma təbii ki, bu qiymətlər reallıqdan kənar olmamalıdır. Qeyd edim ki, xidmət haqları müəyyən edilərkən müəssisənin xərcləri, yəni göstərdiyi xidmətlərin müqabilindəki xərcləri hesablanaraq bu qiymətlər təşkil edilir. “Orta ümumi məktəblərin nümunəvi nizamnaməsi”nə əsasən, özəl liseylər mütləq şəkildə dövlət nümunəli  tədris verməlidirlər və qanunvericilikdə nəzərdə tutulur ki, bununla yanaşı, onlar əlavə xidmətlər göstərə bilərlər. Bilirik ki, özəl liseylər və orta ümumi təhsil müəssisələri dövlətin müəyyənləşdirdiyi tədrislə bərabər eyni zamanda müəyyən xidmətlər də göstərir. Bura daxildir nəqliyyat servisi xidməti, qidalanma, forma, kitabxanalardan istifadə və s. Bundan başqa, özəl liseylər və orta məktəblər müəyyən qanunvericilikdə nəzərdə tutulmayan xarici dilləri də tədris edirlər. Yəni mövcud qanunvericiliyə görə, yalnız rus, ingilis və digər qanunda nəzərdə tutulmuş xarici dillər tədris oluna bilər. Lakin məsələn, bu cür liseylərdə ispan və digər dillər keçirilir. Bundan əlavə, özəl liseylər var ki, rəqs, intellektual oyunlar və digər bacarıqları özündə əks etdirən xidmətlər göstərirlər. Amma təhsil sahəsi elə bir sahədir ki, burada kommersiya maraqları təhsili öz çənginə almamalıdır. Burada bir çox hallarda əsassız qazanc da ortaya çıxır. Əlbəttə, kommersiya maraqlarına hörmətlə yanaşmaq hər kəsin borcudur. Lakin hesab edirəm ki, təhsilin əlçatanlığını təmin etmək üçün orta həddə qiymət müəyyənləşdirilməlidir”.

K.Əsədov onu da qeyd edib ki, hazırda ölkədə 50 özəl orta məktəb fəaliyyət göstərir: “Təbii ki, Azərbaycanın orta aylıq əmək haqqı ilə özəl məktəblərin müəyyənləşdirdiyi qiymətlər uyğun deyil. Lakin biz onları yüksək qiymətlərə görə günahlandıra bilmərik. Amma o da etiraf olunmalıdır ki, bu məktəblərin sayı ilbəil artır. Deməli, tələbat var ki, say da artır. Müşahidələr göstərir ki, hər il özəl orta məktəblərə müraciətlərin sayında artım müşahidə edilir. Bu il təxminən 1100 nəfər şagirdin özəl orta məktəblərdə təhsil alması proqnozlaşdırılır. Hazırda isə ən ciddi məsələ eyni xidmət göstərən məktəblərin fərqli qiymətlər ortaya qoymasıdır. Azərbaycanda illik təhsil haqqı ən ucuz olan özəl orta məktəbdə qiymət 6 min manatdır. Ən bahalısı isə 50-60 min manata qədər olan özəl liseylər var. Lakin bu özəl məktəblərdə tədrisin keyfiyyətini biz hər hansı mexanizmlə yoxlayıb ölçə bilmirik. Biz ekspertlər buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, həmin məktəblərin nəticələri heç də regiondakı məktəblərin nəticələrindən üstün deyil. Hətta bəzi bölgə məktəblərinin göstəriciləri onlardan daha yuxarıdır. Burada digər üstün tərəflərdən biri özəl liseylərin beynəlxalq imtahanları ilə bağlıdır. Yəni, bu məktəblərin məzunların həqiqətən də beynəlxalq imtahanlarda çox yüksək nəticələr göstərirlər”.

Ekspertin sözlərinə görə, bu sahədə də qiymət artımı qaçılmazdır: “Əgər yeni tədris ilindən bəzi özəl orta məktəblər illik təhsil haqqı məbləğində artım etməyə hazırlaşırlarsa, bu mövcud iqtisadi vəziyyətlə bağlıdır. Çünki ölkədə ötən ilin sonuna yaxın enerji daşıyıcılarının qiyməti bahalaşıb. Eyni zamanda, inflyasiya ikirəqəmli səviyyədədir. Bundan başqa, ərzaq məhsullarının qiymətində ciddi şəkildə artım var. Və bütün bunlar da özəl məktəblərin xidmət haqqına təsir göstərən amillərdir. Məhz bu səbəbdən təhsil haqqında artımın baş verməsi gözləniləndir”.

Xərclər kəskin artıb

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, özəl müəssisələr öz qiymətlərini, xidmətlərini, məhsullarını təklif etməkdə sərbəstdirlər:

“Özəl müəssisələr istədiyi vaxt istədiyi qiyməti müəyyənləşdirə bilər və ya dəyişə bilər. Adətən burada müştərilərlə bağlanan müqavilələr illik olur. Və müqavilə şərtlərinə uyğun olaraq qiymətlərə yenidən baxa bilərlər. Yəni, bu özəl təhsil müəssisəsi rəhbərliyinin hüququdur. Vətəndaş da özəl təhsil müəssisəsinə övladını öz təşəbbüsü ilə qoyur. O ki qaldı özəl təhsil müəssisələrinin qiymət atımını uyğun hesab etməsi məsələsinə, bilirsiniz ki, ölkədə həm ərzaq, həm qeyri-ərzaq məhsullarının qiymətini artıb, həm də xidmətin qiyməti bahalaşıb. Son 1 ildə ümumi inflyasiyanın həcmi 12,2 faizdir. Ərzaq məhsullarında bu rəqəm 17,5 faiz, ödənişli xidmətlərdə 10,1 faiz, qeyri-ərzaq məhsullarında isə 6 faizdən yuxarıdır. Özəl təhsil müəssisələri də öz fəaliyyətlərini qurarkən öz tələbələrinə yemək təklif edirlər, eyni zamanda, kommunal xidmətlərdə istifadə edirlər və. s. Bir sözlə, özəl müəssisələrin ötən illə müqayisədə xərcləri kəskin artıb. Onlar da mənfəətlərini itirməmək, fəaliyyətlərini davam etdirmək üçün qiymətlərini qaldırmalıdırlar”.

Ekspert həmçinin vurğulayıb ki, ölkədə özəl təhsil müəssisələrinin sayı çox olmadığından rəqabət səviyyəsi aşağıdır:

“Əgər özəl təhsil müəssisələri çox olarsa burada rəqabət xidmətin keyfiyyətini yaxşılaşdıra bilər. Amma ümumilikdə özəl orta məktəblərin müəyyən etdiyi təhsil haqqının göstərdikləri xidmətlərə adekvat olub-olmaması barədə birmənalı fikir söyləmək çətindir. Təbii ki, 10-15 min manat illik təhsil haqqı ödəyən vətəndaş əgər o pulu ödəməkdə davam edirsə, deməli, xidmətdən məmundur. Və yaxud da məcburiyyət qarşısındadır. Çünki dövlət müəssisəsində ümumiyyətlə, daha bərbad təhsil verilir. Bununla bağlı ən yaxşısı valideynlər arasında sorğu keçirilməlidir”.