Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ümumilikdə 3455 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb edilib. Onlardan 3209 nəfəri ahıl şəxsdir.
Hafta.az bildirir ki, bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, SXA tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. Bu xidmət Bakı şəhəri, Abşeron və Qarabağ iqtisadi rayonunda DOST mərkəzləri, respublikanın digər şəhər və rayonlarında isə SXA vasitəsilə həyata keçirilir.
Vurğulanıb ki, bu xidmət vətəndaşların gündəlik məişət ehtiyaclarının qarşılanması, habelə sosial təminat və hüquqi məsələlər üzrə zəruri dəstəyin göstərilməsi məqsədilə həyata keçirilir.
Sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində kömək göstərirlər.