Dekabrın 15-də Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxış edən Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupundan gözləntiləri ilə bağlı fikirləri maraqla qarşılanmaqla yanaşı, həmin qurumda olan dövlətlərə növbəti dəfə bir mesaj verdiyi qeyd olunur. Eləcə də Brüsseldə Minsk Qrupu dövləti olan Fransanın da ikidövlət başçılarını görüşdürməsi bu qurumun fərqli formatda dirçəldilməsinə bir işarədir.
Qeyd edək ki, Prezident İ.Əliyev Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Ölkə rəsmisi bəyan edib ki, Azərbaycan tərəfi Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.
Minsk Qrupunda olan dövlətlər bu çağırışa nə dərəcədə adekvat, səmimi cavab verəcək?
Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında o, bu prosesdə ATƏT-in Minsk Qrupunun hər hansı dəstəyinin tərəfdarı olmadığını deyib. Paralel olaraq bildirib ki, əgər Prezident belə deyirsə, görünür hansısa məqamları bizdən yaxşı bilir.
Q.Hüseynli bildirib ki, Brüsseldə Ermənistanın baş naziri ilə təkbətək görüşlərdə maraqlı məqamlar oldu.
“Söhbət ondan gedir ki, mən bölgədə sülh atmosferi yarada biləcək cəsarətli addımların atılacağını, kommunikasiyaların açılmasını, sərhədlərin müəyyənləşməsi istiqamətində də addımların atılacağını, həmçinin sülh müqaviləsi istiqamətində işlərin başlanacağını gözləyirəm. Doğrudur, Brüsseldə bu müzakirələr hər hansı sənədlər hazırlanmadan baş verir. Amma hər halda Soçi görüşündə Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesi də var və yəqin ki, Rusiya bu prosesi baltalamağa çalışacaq”.
Q.Hüseynli Avropa İttifaqının, eləcə də Fransa prezidentinin Brüsseldə prosesə ehtiyatlı formada qatılmasını da diqqətçəkici məqam kimi qeyd edib.
“Gələcəkdə bu “Avropa İttifaqı ilə Rusiya arasında mövqe mübarizəsinə-çevriləcəkmi” - sualına cavab verməkdə çətinlik çəkirəm. Hər halda iki ölkə rəhbəri arasında birbaşa dialoqun başlaması müsbət addımdır. Gələcəkdə bu praktika davam etdirilə və uğurlu nəticələr verə bilər”.