Bu şagirdlər məktəblərini dəyişə bilməzlər

11:20 22.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Fevralın 20-si saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu sahənin elektronlaşdırılmasının müsbət tərəfləri var: “Ümumiyyyətlə, bu gün nəinki orta, ali məktəbdə, hətta magistratura səviyyəsində də bir ixtisasdan başqa ixtisasa yerdəyişmələr həyata keçirilir. Bu, bizim təhsildə demokratikliyin, humanistliyin bir sahəsidir. Ancaq yerdəyişmələrlə bağlı müəyyən məhdudiyyətlər var. Bu məsələ həmişə diqqət mərkəzində olub. Hətta bir vaxtlar əksər Bakı məktəbləri şagirdlərini qaçqın və köçkün məktəblərinə keçirirdilər. Yüzlərlə belə faktlar var idi. Araşdırma, təhlillər aparıldı. Məlum oldu ki, qaçqın və məcburi köçkün məktəbinə o qədər də ciddi nəzarət yoxdur. Ona görə də əksər valideynlər bundan sui-istifadə edirdilər. Bu, nəyə xidmət edirdi? Uşağın adını məktəbə yazdırsın, uşaq məktəbə getməsin, repetitor yanına getsin. Ondan sonra bu məram üzə çıxdı, aydınlaşdı. O dövrün təhsil naziri tərəfindən xüsusi əmr verildi. Bakı məktəblilərinin qaçqın, məcburi köçkün məktəblərinə köçürülməsi qadağan edildi. Hazırda da köçürmə halları var. Bu köçürmə hallarının qarşısını ala bilmərik. Çünki kimsə ərazisini dəyişir və s. Bu da zəruri məsələdir. Ona görə də hər hansı şagird köçürülməsinə ciddi yanaşılmalıdır”.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bu gün ölkənin 4 432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır: “Hər il 10 mindən çox şagird müxtəlif səbəblərdən oxuduğu məktəbi dəyişir. Yaşayış yerinin və ya valideynin iş yerini dəyişməsi, şagirdin məktəb daxilində narahatlıq yaşaması səbəbindən yerdəyişmə edilə bilər. Son üç ildə proses tamamilə şəffaf həyata keçirilir. Valideynlər müvafiq portala daxil olub kabinet yaradırlar, istədikləri məktəbdə boş yer varsa, sorğu yerləşdirirlər”.

O vurğulayıb ki, əvvəllər bu prosesdə kənar müdaxilələr müşahidə edilirdi: “Direktor, direktor müavininin razılığı ilə baş tuturdu məsələ. İndi isə valideyn belə hallarla qarşılaşmır. Bu gün Azərbaycan məktəblisi yaşayış yerini dəyişəndə rahatlıqla məktəbini də elektron yolla dəyişə bilir. Bu proses 9 və 11-ci siniflərə şamil edilmir. Onlar buraxılış imtahanlarına görə yerdəyişmə edə bilməzlər”.

Oxunma sayı 56