Çində "Covid-19"un "Omicron" alt variantı olan XBB-nin yaratdığı epidemiyada, iyun ayının əvvəlindən etibarən yoluxanların sayının həftədə 11 milyon ilə pik həddinə çatacağı gözlənilir.
Hafta.az-ın yazdığına görə, qərargahı Londonda yerləşən "Airfinity" Sağlamlıq Məlumat Xidmətləri və Təhlil Şirkəti tərəfindən dərc edilən təhlildə, epidemiyanın ümumilikdə 112 milyon insana təsir edəcəyi bildirilir.
Qış aylarında 1 milyarddan çox insanın yoluxduğu epidemiya ilə müqayisədə yeni dalğanın daha məhdud yayıldığı müşahidə edilir.
"Arfinity" epidemiyanın iyunun əvvəlində həftədə 11 milyon hadisə ilə pik həddinə çatacağını proqnozlaşdırsa da, bu, bir müddət əvvəl çinli tənəffüs mütəxəssisi Cong Nanşan tərəfindən irəli sürülən həftədə 65 milyon hadisənin beşdə biri hesab olunur. Bildirilib ki, təxminlər arasındakı fərq "Airfinity" modelində heç bir xəstəlik əlaməti göstərməyən halların ümumiyə daxil edilməməsi ilə bağlı ola bilər. Digər tərəfdən, şirkət bu infeksiya dalğasında 629 min ölüm olacağını proqnozlaşdırır. Şirkət qış aylarında böyük epidemiya dalğasında 1,3 milyondan 2,1 milyona qədər insanın öldüyünü təxmin edib.
Çin "sıfır hal" adlanan epidemiyaya nəzarət və qarşısının alınması tədbirlərindən imtina etdikcə və virusla yaşamaq strategiyası ilə razılaşdıqca, Yaponiya və Cənubi Koreyada olduğu kimi çoxlu "yenidən yoluxma" dalğaları gözlənilir.
"Airfinity"nin "Covid-19" epidemioloqu Dr. Tişya Venkatraman, Çinin altı ay əvvəl yaşadığı böyük epidemiya dalğasının genişmiqyaslı təbii toxunulmazlıq təmin etdiyini və o günlərdən bəri peyvənddə daha çox irəliləyiş əldə edildiyini bildirərək, "XBB alt variantının təsirinə baxmayaraq, daha kiçik və daha zəif ikinci dalğa gözləyirik" deyib.
Xəstəxana və meyitxanalarda qışdakı kimi sıxlığın olmadığına diqqət çəkən Venkatraman, "Davam edən dalğa daha zəif olsa da, Çində qocalan əhalinin artması səbəbindən yenə də böyükmiqyaslı can itkisinə səbəb ola bilər. Biz bunu Yaponiyadakı son dalğada da gördük. Əvvəlki dalğalarda peyvəndlənmə dərəcəsinə baxmayaraq, çoxlu itkilər olub" deyib.