Çində dövlət dənizdə dəfn üçün pul mükafatı verir

10:20 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində izdihamlı və bahalı dəfn yerləri səbəbindən yaxınlarını suda dəfn etmək istəyənlərin sayında ciddi artım müşahidə olunub.

Hafta.az-ın “Global Times”a istinadən yazdığına görə, dəniz dəfnlərinin populyarlığı Çinin sürətli urbanizasiyası və əhalinin qocalmasının təbii nəticəsi kimi qiymətləndirilir. Məsələn, bildirilir ki, şəhər ərazilərində dəfn yerlərinin qiymətləri 14500 dollara çata bilər, Şanxay səlahiyyətliləri isə şəhərdəki dəfn yerlərinin 15 il ərzində tamamilə tükənəcəyini təxmin edir.

Çində qəbiristanlıqlarda yer qıtlığı yaranandan sonra hərəkətə keçən hökumət rəsmiləri ailələri alternativ üsullar üzərində düşünməyə təşviq etməyə başlayıb. Bu səylər nəticəsində kremasiya 2015-ci ildəki 47 faizdən 2021-ci ildə 59 faizə yüksəlib.

Lakin kremasiya prosesindən sonra qalan küllərin qəbiristanlıqlarda basdırılması məkan problemini bir daha gündəmə gətirib. Buna cavab olaraq bəzi yerli hakimiyyət orqanları qohumlarının külünü dənizə səpməyə və ya torpaqda həll olunan qablarda “ekoloji” basdırmağa razılıq verən insanlara pul mükafatı təklif ediblər.

Təbliğata dəstək verən dövlət mediası da “ağır həyat, zəif dəfn mərasimi” mənasını verən “houyang bozang” ifadəsini bütün ölkədə populyarlaşdırdı və valideynlərə hörmətin yaşayarkən ən yaxşı şəkildə göstərilə biləcəyi barədə məqalələr yayımladı.

2022-ci ilin mart ayında turistlər üçün qayıq turları təşkil edən ailə biznesindən ayrılan və dəniz cənazələri təşkil edən şirkət quran Xiao Hu, normal vaxtlarda həftədə iki və ya üç dəfə dənizə getdiyi halda, hazırda hər gün 30-a qədər dəfn xidməti göstərdiyini söyləyib.

Ancaq dekabrda vəfat edən keçmiş Çin prezidenti Jiang Zeminin külünün Yantszı çayına səpilməsi tələbi Xiaonun aldığı dəfn tələblərini üç dəfə artırıb.

Xiao bildirib ki, dəniz məzarları quruda basdırılan məzarlardan təxminən 10 dəfə ucuzdur.

Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Çində 10 milyon 410 min insan ölüb. Yaşı 60-dan yuxarı olan əhalinin nisbəti 18,9 faiz hesablanıb. Bu rəqəmin 2035-ci ilə qədər 30 faizlik həddi keçəcəyi gözlənilir.