Çinin Antarktidada öz stansiyasının tikintisini bərpa etməsi Qərb dövlətlərinin narahatlığına səbəb olub.
Hafta.az-ın yazdığına görə, ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc etdiyi hesabatda sözügedən tikinti işlərinin Ross dənizindəki "İnexpressible İsland"da aparıldığı bildirilib.
Hesabatda, yanvar ayında çəkilən peyk görüntülərinin tədqiqində Çinin 2018-ci ildə kəsilən tikinti işlərini davam etdirdiyi və bazanı genişləndirdiyi iddia olunub. Müvafiq olaraq, təxminən 53820 kvadratmetr sahədə qurulan stansiyanın təməli genişləndirilərkən, bu yerin yaxınlığında helikopter meydançası və digər obyektlər tikilib. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılacağı bildirilib.
Digər tərəfdən, CSIS Çin Xalq Azadlıq Ordusunun tədqiqat bazasının casusluq fəaliyyətləri üçün istifadə oluna biləcəyini vurğulayıb: “Stansiya qütbdə elmi fəaliyyətlər həyata keçirən Çinin müşahidə peyklərinin izlənilməsini və əlaqəsini təmin etsə də, buradakı avadanlıq digər ölkələrin peyk rabitəsini dinləmək üçün də istifadə oluna bilər”.
Hesabatda paylaşılan məlumata görə, stansiya Avstraliya və Yeni Zelandiyadan elektron kəşfiyyat məlumatları toplamaq vəziyyətindədir. Həmçinin bildirilib ki, tikintilər başa çatdıqdan sonra stansiyada Çinin “Xuelong” buzqıran gəmisi üçün estakada tikiləcək.
CSIS həmçinin qeyd edib ki, Çin stansiyası ABŞ-a məxsus olan və Antarktidanın ən böyük tədqiqat obyekti olan McMurdo stansiyasından 320 kilometr aralıda yerləşir.
Pekin administrasiyası isə bu iddiaları təkzib edərək, stansiyaların yalnız elmi tədqiqat məqsədləri üçün istifadə olunacağını və heç bir casusluq fəaliyyətinin həyata keçirilmədiyini bildirib.
Xatırladaq ki, 1959-cu ildə imzalanan və Çinin də iştirak etdiyi Antarktika Müqaviləsinə əsasən, hərbi qulluqçulara bölgədə yalnız elmi araşdırmalar aparmağa icazə verilir. Bölgədə hərbi bazanın yaradılması və silahların sınaqdan keçirilməsi qadağandır.