Dövlət müəssisələri mütləq büdcənin əsas təminatçısı kimi çıxış etməlidirlər - Ekspert

18:52 28.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hələ 2016-cı ildə dövlət müəssisələrində səmərəliliyin artırılmasına dair Prezidentin iki fərmanı, Nazirlər Kabinetinin bir neçə qərarları olub. Eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il qərarında iri dövlət müəssisələrinin səmərəliliyinin artırılması üçün bir çox qeydlər əksini tapıb.

Bu fikirləri hafta.az-a Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov bildirib. Onun sözlərinə görə, əslində iri dövlət müəssisələri mütləq büdcənin əsas təminatçısı kimi çıxış etməlidirlər. Bizdə isə görürsən ki, iri dövlət müəssisələri subsidiyalar üçün müraciət edirlər, çox rahat şəkildə xarici borclanmaya gedirlər:

"Bunlar heç biri yaxşı faktlar deyil. Ona görə də mövcud situasiya dəyişməlidir. Bu vəziyyətin dəyişməsinə çox ciddi siqnallar hələ 2014-cü ildə neftin qiymətinin düşməsi, iqtisadiyyatımızda müəyyən problemlərin hiss edilməsi zamanı yaranmışdı. Xatırlayırsınızsa, müəyyən islahatlara da başlanılmışdı. O cümlədən iri dövlət müəssisələrinin səmərəliliyinin artırılması istiqamətində də mühüm qərarlar qəbul olunmuşdu. Amma təəssüflə qeyd etməliyəm ki, həmin qərarların icrası çox ləng gedirdi. Keçən il isə Prezident tərəfindən belə bir fərman oldu ki, İnvestisiya Holdinqi yaradılsın və bütün iri dövlət müəssisələri də bu holdinqə tabe edilsin. Yəni, islahat prosesi gedir və hökümət də düşünür ki, iri dövlət müəssisələrinin statusu dəyişməlidir. Bunlar tədricən müasirləşməlidir, açıq səhmdar cəmiyyətlərə çevrilməlidirlər. Mən demirəm ki, ASC-yə çevrilərək dövlət mülkiyyətindən çıxmalıdır. Xeyr, burada dövlətin də payı olmalı və hələlik mühüm paylar dövlətdə saxlanılmalıdır”