Şahmar Ələmmədov fermerdir. Xaçmaz rayonunun Mollaoba kəndində fermer təsərrüfatı ilə məşğuldur. İllərdir ki, şaftalı və fındıq əkib becərir. Son illərdə isə təsərrüfatını xeyli böyüdüb. Buna səbəb isə Kənd Təsərrüfatı Nazirliyinin ona və həmkəndlilərinə yaratdığı münbit şəraitdir. Özü belə deyir.
Əvvəl hektar yarım, iki hektarlıq fındıq və şaftalı təsərrüfatı olan fermer indi ümumi sahəsi 5 hektarı ötən təsərrüfata rəhbərlik etdiyini söyləyir: “Hökumətimiz, Kənd Təsərrüfatı Nazirliyimiz sağ olsun, bizə çox böyük köməklik edirlər. İldə bir dəfə dotasiya verirlər. Hektarına 50 manat ödənilir. Dərmanı, fəhlə pulunu da özümüz həll edirik. Bütün bunlardan sonra hektara 3-4 min manat xeyir qalır. Üstəlik məhsullarımızı qapıdan götürürlər”.
Həmsöhbətim deyir ki, indiki dövrlə əvvəlki vaxtı heç müqayisə belə etməyə dəyməz. Səbəbini özü bu cür açıqlayır: “Yəni yetişdirdiyimiz məhsul müştəri gözləmir. Alıcılar gözləyirlər. Bu il şaftalı və fındıq becərmişik. Şaftalını sahibkarlar alır. Fındığı isə sexlərə veririk. Əyalətlərdə yaxşı fındıq sexləri var. Gəlib qapıdan götürürlər. Bu il fındıqdan hektarına ton yarım, iki ton məhsuldarlıq gözləyirik”.
Şahmar Ələmmədov bu il məhsulun bərəkətli olduğunu söyləyir. Deyir ki, məhsuldarlığın çox olması dövlətin onlara qayğısından qaynaqlanır. Suvarma sistemləri var. Sudan korluq çəkmirlər. Vaxtlı vaxtında gübrəsini verib, sulayırlar: “Məhsulumuz çox yaxşıdır. Dövlətimizin diqqət və qayğısı nəticəsində bütün dərmanlarını vurmuşuq. Heç nədən korluq çəkməmişik. Bu il fındığın qiyməti çox yaxşıdır. 1 manat 75 qəpikdən götürürlər. Özü də qabıqlı. Bu da çox yaxşı qiymətdi. Məhsulumuzun, əziyyətimizin dəyəridir. Təqribən kilosu altı manata düşür. Təbii ki, qabığı arıtlanandan sonrakı çəkini deyirəm. Dövlətin qayğısını həmişə üzərimizdə hiss edirik”.