Rusiyalı şair Aleksandr Sergeyeviç Puşkinin doğum günü (6 iyun) bütün dünyada Rus Dili Günü kimi qeyd olunub.
Hafta.az-ın yazdığına görə, lakin 2023-cü il üçün məlumatlar rus dilinə marağın azaldığını göstərir.
“Ethnologue” dünya dilləri indeksinə görə, rus dili 2023-cü ildə dünyada ən çox danışılan dillər arasında doqquzuncu yerdə qərarlaşıb və 255 milyon insan tərəfindən danışılır. Hansı ki, rus dili 2011-ci ildə siyahıda səkkizinci olub və 258 milyon insan bu dildə danışıb.
Qeyd edək ki, rus dili 10-12 il əvvəl rus, ingilis, çin, hind/urdu, ispan və ərəb dillərindən sonra altıncı yerdə olub.
Müstəqil Dövlətlər Birliyi ölkələrində bəzi istisnalarla rusdillilərin sayının azalması Rusiyada demoqrafik tənəzzül (doğum nisbətinin azalması, əhalinin xaricə axını) və xaricdə rus dilinin populyarlığının azalması ilə əlaqələndirilir. Bundan əlavə, bu azalmada siyasi amillər də mühüm rol oynayır.

“Duolingo” kimi dilöyrənmə proqramları da rus dilinə marağın azaldığını təsdiqləyir. 2023-cü ildə rus dili “Duolingo”da portuqal dilindən geri qalaraq ən populyar 10 dil arasında yerini itirib. “Duolingo” mütəxəssisləri bu azalmanı qismən Portuqaliya və Braziliyanın artan turist cəlbediciliyi, qismən də siyasi səbəblərlə (Ukrayna ilə həmrəylik) izah edirlər.
2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir çox ölkədə ukrayna dilini öyrənməyə maraq kəskin şəkildə artıb. Bu artım Almaniyada 1651 faiz, Polşada 1615 faiz, Niderlandda 1590 faiz olub.
Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının Ali Təhsil Müəssisəsi ilə birgə hazırladığı “Xarici ölkələrin təhsil sistemlərində rus dilinin yeri” adlı araşdırmada demoqrafik faktorlarla yanaşı, siyasi amillərin də rol oynadığı üzə çıxır. Tədqiqatda iştirak edən xarici ekspertlər və rusiyalı müəllimlər öz ölkələrində rus dilini öyrənməyə marağın azalmasının səbəbləri arasında mənfi ictimai rəyi və mətbuatda dərc olunan tənqidi yazıları göstəriblər.
Keçmiş sovet respublikalarında və müxtəlif regionlarda rus dilinin mövqeyi fərqlidir. MDB ölkələrində rus dili güclü olaraq qalır, çünki bəzi yerlərdə rəsmi statusa malikdir. Şərqi Avropada böyük rusdilli diaspor olsa da, siyasi amillər mənfi təsir göstərir.
Yaxın Şərqdə işgüzar əlaqələrin güclənməsi ilə rus dilinə maraq artsa da, Afrikanın da perspektivli bölgə olduğu bildirilir. Lakin bu rayonlarda müəllim çatışmazlığı, müasir dərsliklər kimi problemlər var.