Yayın indiki qızmar istilərində sərinlənmək üçün seçilən ən sərfəli məkanlardan biri çimərliklərdir. Amma çimərliklər də yerləşdiyi coğrafi şəraitinə, qumsalına, suyunun təmizliyinə, çevrəsində təbiətin füsunkarlığına və sair görə bir-birindən fərqlənir.
Hafta.az-ın yazdığına görə, 2023-cü ilin ən yaxşı çimərliklərinin siyahısı hazırlanarkən də bütün bu meyarlar nəzərə alınıb. Bəlli olub ki, dünyanın ən yaxşı çimərliyi Braziliyada – Atlantik okeanı sahillərində yerləşən “Baia do Sanço”dur. İkinci pillədə cırtdan Aruba dövlətində yerləşən “Eagle Beach”, üçüncü pillədə Avstraliyanın “Cable Beach” çimərlikləri qərarlaşıb. Siyahıda dördüncü yeri İslandiyanın “Reynisfjara”, beşinci yeri isə Turks və Kaykos Adalarındakı “Grace” çimərliyi tutur.

Altıncı yerdə Portuqaliyanın “Praia da Falesia”, yeddinci yerdə Hindistanın “Radhanagar Beach”, səkkizinci yerdə İtaliyanın “Spiaggia Dei Conigli”, doqquzuncu yerdə Kubanın “Varadero Beach”, onuncu yerdə isə Havay Adalarının “Kaanapali” çimərliyi özünə yer edib.
Çox maraqlıdır ki, dünyanın ən böyük turizm ölkələrindən olan qardaş Türkiyənin çimərliklərindən ilk onluğa düşən olmayıb. Məşhur “İztuzu” çimərliyi Türkiyəni 11-ci pillədə təmsil etməkdədir.