Əfqanıstanda bazar günü ət yemək qadağandır

09:30 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın Qəndəhar əyalətində Taliban administrasiyası ötən ilin aprelində qadağan etdiyi xaşxaş becərilməsinə alternativ olaraq tərəvəz və meyvələrin istehsalını təşviq etmək üçün bazar günləri ətin satışını və istehlakını yasaqlayıb.

Hafta.az-ın yazdığına görə, xaşxaş qadağası tam yerinə yetirilmədikdən sonra Taliban administrasiyası fermerlərə öz məhsulları üçün daha çox alıcı tapmağa və beləliklə də xaşxaşın alternativinə çevrilməsinə kömək etmək üçün bəzi qərarlar qəbul edib.

Cənubdakı Qəndəhar əyalətində Taliban administrasiyasının böyük şəhər bələdiyyəsi fermerlərə dəstək olmaq və "tərəvəz istehlakını təşviq etmək" məqsədilə həftədə bir gün ətin satışını və istehlakını qadağan edib. Bu qərarla xaşxaş əvəzinə alternativ tərəvəzlərin becərilməsinin təşviqi, ətin həddindən artıq istehlakı nəticəsində yaranan xəstəliklərin və ətin bahalaşmasının qarşısının alınması məqsədi daşıyır.

Müvafiq olaraq, bazar günləri qəssablar ət satmayacaq, restoranlarda ət yeməkləri əvəzinə tərəvəzlər veriləcək. Qəndəharda ölkə miqyasında ilk dəfə qəbul edilən bu qərara əməl etməyənlərə əvvəlcə xəbərdarlıq olunacaq, sonra isə müxtəlif cəzalara məruz qalacaqlar.

Bələdiyyədən verilən məlumata görə, qərarın qəbulundan iki həftə sonra əksər ət satıcıları buna əməl ediblər.

Bu qərarla fermerlərin istehsal etdiyi tərəvəz və meyvələrin ət əvəzinə daha çox satılması və xaşxaş qədər gəlir əldə edilməsinin hədəfləndiyi vurğulanır, bunun son vaxtlar ətin artan qiymətlərini aşağı salacağı düşünülür.

Qəndəharda 12 ildir tərəvəz və meyvə satışı ilə məşğul olan Xan Məhəmməd, əvvəllər xüsusilə Qəndəharda tərəvəz istehlakının çox az olduğunu və imkanı olan hər kəsin ət istehlak etdiyini bildirib. Ət qadağası ilə tərəvəzə marağın artdığını qeyd edən Məhəmməd, “Əgər bir gün əvvəl 10 dollarlıq satırdımsa, qadağadan sonra satışın həcmi 20 dollar və daha çox olub” deyib.

Digər tərəfdən Qəndəhardakı restoranlardan birinin sahibi İmam Nəzər qadağadan əvvəl ət yeməklərinin çox satıldığını, tərəvəz yeməklərinə üstünlük verilmədiyini bildirib. İnsanların zaman keçdikcə tərəvəz istehlakına öyrəşəcəyini vurğulayan Nəzər, "Həftədə bir dəfə bamya, ispanaq, badımcan yeməkləri bişiririk. Əvvəlki kimi satış çox deyil, amma qadağan olduğu üçün ətli yeməklər hazırlaya bilmirik" deyib.

Qəndəharda 9 ildir qəssab işləyən Ahmet Nəbi həftənin bir günü tətbiq edilən qadağaya görə dükanlarını bağladıqlarını və bunun onlara bir az maddi ziyan vurduğunu bildirib.

Qəndəhar Qəssablar Dərnəyinin sədri Hacı Allah Gül qəndəharlıların daha çox ət istehlak etdiyini və buna görə də qəssabların yaxşı işlədiyini bildirib. Ət qadağasının gəlməsi ilə bazar günləri bütün qəssabxanaların bağlandığını deyən Gül, bu qadağanın ətin qiymətinin bir qədər aşağı düşməsinə səbəb verdiyini bildirib.