Əfqanıstandan qaçan qadınların sayı iki dəfə artıb

09:30 20.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban administrasiyasının məhdudiyyətləri səbəbindən Əfqanıstandan qaçan qadınların sayında ciddi artım var.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, 2021-ci ildə ABŞ-ın geri çəkilməsi ilə ölkəyə nəzarəti ələ keçirən Taliban geri qayıtdıqdan sonra hər il ölkədən qaçan qaçqın qadınların sayı iki dəfədən çox artıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatlarına əsaslanan xəbərdə 2023-cü ildə əfqan qaçqın qadınların sayının 3,1 milyona çatacağı bildirilir. 2021-ci ildə 1,2 milyon olan bu rəqəm 2020-ci ildə 800 min civarında olub. Qeyd olunur ki, bu, son 20 ildə görülən ən yüksək əfqan qaçqın qadın sayıdır.

CNN-ə müsahibə verən və adı Fatimə olan əfqan qaçqın üç dəfə ölkədən qaçmağa çalışdığını deyir. 15 avqust 2021-ci ildə Taliban ölkəyə nəzarəti ələ keçirərkən Əfqanıstan Milli Ordusunda zabit kimi xidmət etdiyini bildirən 20 yaşlarında olan qadın ilk qaçmağa cəhdini 2022-ci ilin yanvarında etdiyini deyir.

Ölkədən qaçan bir qrupla Əfqanıstandan İrana keçmək istəyərkən iranlı sərhədçilərin onlara atəş açdığını iddia edən Fatimə ölkəsinə qayıtdığını bildirir. Qadın izah edir ki, bir ay sonra bir vasitəçiyə 45 min əfqani (təxminən 1100 manat) ödəyərək aldığı viza ilə Tehrana uçub.

Tehranda olarkən onu Türkiyəyə apara biləcəklərini söyləyən qaçaqmalçılarla sövdələşdiyini deyən Fatimə bu şəxslər tərəfindən saxlanıldığını iddia edir. O, qaçaqmalçılar tərəfindən döyüldüyünü, daha sonra İran polisi tərəfindən saxlanılaraq Əfqanıstana deportasiya edildiyini bildirir.

Fatimə deyir ki, avtobus Əfqanıstan sərhədində Taliban əsgərləri tərəfindən dayandırılıb və onu üç gün təcridxanada saxlayıblar. Əfqanıstan Milli Ordusunda oynadığı rola görə dindirildiyini və döyüldüyünü iddia edən qadın ailəsinin onun azadlığa çıxması üçün Talibana 3 min dollar rüşvət verdiyini iddia edir.

Fatimə keçən il etdiyi cəhddə Əfqanıstandan qaçmağı bacardığını və Pakistanın Kvetta şəhərində bir otaq kirayə götürdüyünü bildirir.