Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyidir

12:45 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təbiətin gözəlliklərinin təsviri, doğma yurda məhəbbət və əməyin romantikası Elbəy Rzaquliyevin ilham mənbəyi və yaradıcılığının əsas qayələrindən olub. Rəssamın rəng palitrasının zənginliyi və böyük ümumiləşdirmə gücü ilə səciyyələnən tabloları nikbin ruh, yüksək humanizm və bəşəri duyğular aşılayan gözəl sənət nümunələrindəndir. Böyük sənətkarın fırçasının məhsulu olan əsərlərdə personajların xarakteri və mənəvi dünyası ustalıqla açılır. Rəssamın xalqımızın tanınmış şəxsiyyətlərini və əmək adamlarını tərənnüm edən lövhələri sənətsevərlərin rəğbətini qazanıb və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Onun əsərləri böyük emosional təsir qüvvəsinə malik olub müasirlərinin estetik zövqünün formalaşmasında mühüm rol oynayıb.

Hafta.az xəbər verir ki, bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyi tamam olur.

Əmək fəaliyyətinə 1953-cü ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi başlayan Elbəy Rzaquliyev tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bir sıra filmlərə bədii tərtibat verib. O, həmin dövrdən etibarən kino rəssamlığı sahəsində qazandığı uğurlarla yanaşı, boyakarlığın müxtəlif janrlarında mövzu və ideya həlli baxımından olduqca maraqlı lövhələr yaradıb. Fərdi yaradıcılıq üslubu ilə seçilən rəssam qısa müddətdə Azərbaycan incəsənətinin inkişafında xidmətləri olan bacarıqlı fırça ustasına çevrilib. Milli təsviri sənətin inkişafında mühüm rol oynamış Elbəy Rzaquliyevin boyakarlıq və qrafika əsərləri ölkəmizin rəssamlıq tarixinə həmişəlik daxil olub.

Elbəy Rzaquliyevin çəkdiyi tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərdə uğurla nümayiş etdirilib. Xaricə çoxsaylı səyahətlərindən sonra səfər etdiyi ölkələrin həyatından bəhs edən silsilə rəsmlərindən ibarət sərgilər Azərbaycan incəsənətinə şöhrət gətirib.

Tanınmış fırça ustasının yaradıcılığı Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yer tutur. Rəssamların bir neçə nəsli onun zəngin sənət təcrübəsindən faydalanıb.

Elbəy Rzaquliyevin yaradıcılıq fəaliyyəti daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

Xalq rəssamı 2007-ci il sentyabrın 15-də ömrünün 82-ci ilində vəfat edib.