Muzeydə tədbir: “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan”

15:03 12.06.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tədbirin əsas məqsədi uşaqlar arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, Azərbaycan və Meksika xalqlarının zəngin mədəni irsini tanıtmaq, dostluq və qarşılıqlı anlaşma dəyərlərini təqdim etmək olub.

Hafta.az xəbər verir ki, tədbirdə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin nümayəndələri, muzeyin əməkdaşları, həmçinin 189–190 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan və Meksika arasında mədəni əlaqələrin əhəmiyyətindən danışıb. Nailə Vəlixanlı tədbirdə nümayiş olunan, muzeydə qorunan uşaqlara aid eksponatların yer aldığı vitrinlər haqqında məlumat verib. Sonda uşaqlara sağlam ömür, xoşbəxt gələcək və uğurlar arzulayıb.

Daha sonra Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktoria Romero çıxış edərək tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib və Azərbaycan ilə Meksika arasında mədəni əməkdaşlığın əhəmiyyətindən danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti, naşir Bəhram Bağırzadə çıxış edərək belə tədbirlərin uşaqların dünyagörüşünün formalaşmasında və müxtəlif mədəniyyətləri daha yaxından tanımalarında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra onun uşaqlar üçün nəzərdə tutulmuş “Mexiko (Uşaqlar üçün)” kitabının təqdimatı keçirilib. Müəllif kitabları tədbirdə iştirak edən uşaqlara hədiyyə edib.

Tədbirin bədii hissəsində Aytac Dadaşovanın ifasında Azərbaycan və Meksika rəqsləri nümayiş olunub. “Gənc şairlər” uşaq ədəbi təşəbbüsünün iştirakçıları tərəfindən Meksika şairlərinin əsərlərindən nümunələr səsləndirilib. Həmçinin Bülbül Vokal Məktəbinin tələbəsi Arif Qarəhmədlinin ifasında “Azərbaycan” mahnısı təqdim olunub.

Tədbirin sonunda iştirakçılara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib. Daha sonra qonaqlar muzeydə təşkil olunmuş “Tarixin uşaq izləri” sərgisi və “İncə Art” studiyasının üzvlərinin Meksikaya həsr olunmuş rəsm əsərləri ilə tanış olublar.

Mədəniyyət rubrikasından digər xəbərlər