Əlcəzair universitetlərində ingilis dili fransız dilini əvəz edəcək

09:45 04.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairdə 2023-2024-cü tədris ilindən etibarən universitetlərdə tədris dilinin ingilis dili olmasına qərar verilib.

Hafta.az-ın yazdığına görə, Əlcəzairin yayım təşkilatlarından olan “Şuruk Online”da yer alan xəbərə əsasən, artıq Ali Təhsil Nazirliyi universitetlərdə fransız dili əvəzinə ingilis dilinin tədrisi üçün hazırlıqlara başlayıb.

Nazirlik bununla bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlamağa və hazırlıq görüşlərinin təşkilinə çağırıb.

Ali Təhsil Nazirliyinin Baş Katibliyi tərəfindən dünən rektorlara göndərilən məktubda, nazir Kamal Bədarinin göstərişinə uyğun olaraq, yay tətilindən əvvəl yığıncaqların keçirilməsi və ingilis dilini yaxşılaşdırmaq üçün pedaqoji qrupların yaradılması tələb olunub.

28 sentyabr 2022-ci il tarixində Nazirlik universitetlərdə ingilis dilini dəstəkləmək və təşviq etmək qərarına gəlib və bununla bağlı işə başlayıb.

Qeyd edək ki, Əlcəzair universitetlərində xarici dil olaraq fransız dilinin ingilis dili ilə əvəzlənməsi son illər ictimaiyyətdə tez-tez müzakirə edilən məsələlərdəndir. Bu addımın həm də Əlcəzairlə Fransa arasında davam edən siyasi problemlərlə bağlı olduğu bildirilir.

Əlcəzairin üzv olmaqdan imtina etdiyi Beynəlxalq Frankofoniya Təşkilatının 2022-ci il hesabatına görə, 45 milyon əhalisi olan ölkədə təxminən 15 milyon insan fransızca danışır.

Son illər Əlcəzairdəki siyasi partiyalar və birliklər ingilis dilinin qlobal miqyasda elmi dairələrdə ən çox danışılan dil olduğunu əsas gətirərək, təhsil sisteminin birinci pilləsinə qoyulması tələblərini artırmağa başlayıblar.

Ərəbcənin ilk rəsmi dil, bərbər dilinin (amaziq dili) ikinci rəsmi dil olduğu Əlcəzairdə fransızca da insanlar tərəfindən geniş istifadə olunur. Ölkədə fransız dili ibtidai sinifdən etibarən təhsil proqramına daxildir.

Ümumilikdə fransız dilinin təsirindən qurtulmaq meylinin müşahidə olunduğu Əlcəzairdə indiki rəhbərlik dövlət məktəblərində ingilis dilinin tədrisinə dəstək verərək, tədricən fransız dilinin hökmranlığından qurtulmağa çalışır.

Bəzi nazirliklər rəsmi yazışmalarda fransız dili əvəzinə ərəb dilindən istifadə etməyə başlayıb. 2 min dinar əskinaslarından birində ərəb və fransız əvəzinə ingilis və ərəb dillərinin istifadəsi fransız dilinin istifadəsinin mərhələli şəkildə dayandırılması tendensiyasından xəbər verir.

Bu çərçivədə ötən il Prezident Əbdülməcid Tebbunun göstərişi ilə ingilis dili ibtidai təhsil kurikulumuna daxil edilib və 2022-2023-cü tədris ilində tələbələr ilk dəfə ingilis dili təhsili almağa başlayıblar.

Tebbun fransız dilinin cəmiyyətin geniş təbəqələri arasında istifadə edildiyinə və ibtidai sinifdən təhsil proqramına daxil edildiyinə diqqət çəkib.

Siyasi və mədəni ədəbiyyatda vurğulanan fransız dilinin "müharibə qəniməti" olduğu ifadəsi Əlcəzairdə 1830-1962-ci illər Fransanın müstəmləkəçilik dövrünə aid edilir.