İndoneziyada hələlik ətraf aləmlə tam təmas qurmayan bir qəbilə yaşadıqları ərazisində elektrikli avtomobil akkumulyatorları üçün nikel çıxarılan nəhəng mədən layihəsinə görə yox olmaq təhlükəsi ilə üzləşib.
Hafta.az-ın "Survivor"a istinadən yazdığına görə, qəbilələrin hüquqlarını müdafiə edən “Survival” qeyri-hökumət təşkilatı “Meşə xalqı” mənasını verən Hongana Manyava adlanan Halmahera adasında yaşayan bu insan icmasını xilas etmək üçün yardım çağırışı edib. Çağırış çoxmillətli mədən şirkətlərini və hökumətləri tənqid etməklə yanaşı, Elon Maskın Tesla və digər elektrik avtomobil istehsalçılarına da işarə edir.
İndoneziyanın son köçəri ovçu-toplayıcı qəbilələrindən biri olan Honqana Manyavada 300-500 nəfərin yaşadığı təxmin edilir. Bu qəbilədən olan bəzi insanlar xarici dünyadakı insanlarla əlaqə saxlasalar da, Hongana Manyavanın bir çox fraksiyaları heç vaxt inteqrasiya olunmayıb. Buna görə də camaat hələ də əlaqəsi olmayan tayfa sayılır.
Qeyd edək ki, icmanın yaşadığı ərazi dünyanın ən böyük nikel ehtiyatlarına ev sahibliyi edir. Üstəlik, bu ehtiyatlar hələ də hasil olunmamış qalır.
"Survival"a görə, bu vəziyyət mədən şirkətlərinin bu torpaqlara üz tutmasına səbəb olur. Elektrikli avtomobillərə tələbatın Halmaherada mədən əməliyyatlarını sürətləndirəcəyi proqnozlaşdırılır ki, bu da Hongana Manyava qəbiləsinə gələcək illər üçün ekzistensial təhlükə yaradır.
"Survival"ın mövzu ilə bağlı hesabatında deyilir: "Meşə olmasa, Hongana Manyava da olmayacaq".
Qəbilənin bir neçə üzvü ilə əlaqə saxlamağı bacaran komandanın sözlərinə görə, Honqana Manyavadan olan bir qadın "Meşəni almağa icazə vermirəm. Onlara meşəmizi vermək istəmədiyimizi çatdırın" deyib.
Fransız mədən nəhəngi "Eramet"ə məxsus Weda Bay Nikelin 2019-cu ildə adada mədən işlərinə başladığı bilinir. Bununla belə, yaxın gələcəkdə mədən əməliyyatlarının artacağı gözlənilir.
Bu yaxınlarda isə Almaniyanın kimya nəhəngi BASF-nin "Eramet"lə ortaqlıq qurmağı planlaşdırdığı üzə çıxıb. Müvafiq olaraq, şirkət Hongana Manyava ərazisini poza biləcək neft emalı zavodu tikmək niyyətindədir.