“Əmək veteranı» adı və vəsiqəsi necə verilir?

11:51 27.02.2021
Yazını böyüt
Yazını kiçilt

-  “Əmək veteranı” adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir. Əmək veteranı adı və vəsiqəsi verilməsi üçün vətəndaşlar aşağıda qeyd olunmuş təsdiqedici sənədlərlə iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət etməlidir. Şəxsin işlədiyi müəssisə ləğv edilmiş olduqda və ya iş yeri qeyri-dövlət müəssisəsi olduqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.Təsdiqedici sənədlərin siyahısı isə bunlardır:

Yaşa görə pensiyaçı olması barədə arayış;

3x4 ölçüdə 2 ədəd foto-şəkil;

Şəxsiyyət vəsiqəsinin surəti;

Əmək kitabçasının surəti;

Ərizə. 

***

Hansı hallarda əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.5-ci maddəsinə əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

***

Prezident təqaüdü kimlərə verilir?

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib. Təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına ödənilir. Təqaüdü verən orqan Dövlət Sosial Müdafiə Fondudur. Xidmətin həyata keçirilməsi üçün təqaüd təyin olunan şəxs xidmət yerinə gələrək şəxsən müraciət etməlidir. Bunun üçün heç bir rüsum tələb olunmur. Tələb olunan sənədlər bunlardır:
- Hesablaşma aparmaq üçün bankda açılacaq şəxsi hesabın rekvizitləri;
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Fərdi təqaüd təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının və ya sərəncamının surəti;
- Ərizə.
Tələb olunan məlumatlar təqdim edilmədikdə DSMF xidmətin göstərilməsindən imtina edə bilər. DSMF xidmətin göstərilməsindən imtina edərsə, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayətə 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.Təyin olunmuş təqaüd bankda açılmış şəxsi hesaba köçürülür. Fərdi təqaüd alan şəxs vəfat etdikdə təqaüdün ödənilməsi dayandırılır.

***

İlk dəfə iş axtaran şəxs işsizlik müavinəti ala bilərmi?

- "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ilk dəfə işaxtaran vətəndaşlar işsizlik müavinəti almaq hüququna malik deyillər.

***

- Ailə başçısını itirənlərə müavinət necə təyin edilir?

- Ailə başçısını itirməyə görə müavinət sosial müavinətlərin bir növü olan aylıq müavinətlərə aiddir. Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi şərtləri aşağıdakılardır:

əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;

yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.

Ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi müddətləri aşağıdakı qaydada tənzimlənir:

 vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına – əlillik müddətinə;

vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək;

Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir və ödənilir.