Əmlak girovuna görə bu ərazilər öndədir

12:15 22.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, ötən il ən çox girov qoyulan ərazilər Bakı, Abşeron və Sumqayıt olub.

Bildirilib ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

Qeyd etdiyimiz kimi, 2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9 faizi bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.

2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (215 müqavilə) və 8 saylı Cəlilabad (239 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Maraqlıdır, görəsən, Azərbaycanda girov qoyulan əmlakların böyük hissəsi niyə Bakı, Sumqayıt və Abşeronun payına düşür?

Məsələni qəzetimizə şərh edən "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib ki, bu gün iqtisadiyyatın əhəmiyyətli hissəsi məhz Bakı, Sumqayıt və Abşeronda yerləşir: "Ümumiyyətlə, girov məsələsi, kreditin təminatlılığının bir hissəsidir. Kreditlər verilərkən təminatlar tələb olunur. Əsas şərtlərdən biri həmin kreditlərin qarşılığında müəyyən təminatların verilməsidir. Burada üçüncü tərəflərin verdiyi təminat, hesabda olan vəsaitlər də ola bilər. Amma ən geniş tətbiq ediləni daşınar və daşınmaz əmlak girovlarıdır. Xüsusilə biznes kreditlərində daşınmaz əmlak girovlarından daha çox istifadə edilir. Bildiyimiz kimi, bu gün iqtisadiyyatın əhəmiyyətli hissəsi Bakı, Sumqayıt və Abşeronda yerləşir. İş adamları da bizneslərini məhz bu ərazilərdə qururlar. Ona görə də adıçəkilən ərazilər girov qoyulan əmlakların əhəmiyyətli hissəsini təşkil edir. Digər tərəfdən hər bir ərazinin biznes aktivliyi var. Bank da kredit verərəkən öz riskini qiymətləndirir. Bank riskini qiymətləndirərkən ilk növbədə bazarın aktivliyini nəzərə alır. Və likvidliyi hesablayır. Tutaq ki, Bakıda, Sumqayıtda likvidlik daha yüksəkdir, nəinki Naxçıvanda, Gəncədə. Ona görə də bankların çoxu maraqlıdır ki, girovlar Bakı, Abşeron, Sumqayıt kimi ərazilərdə yerləşsin. Yəni, lazım olduqda həmin girovu qısa müddətdə yüksək qiymətə sata bilsinlər”.

Ekspert onu da vurğulayır ki, paytaxtda girov qoyulan fərdi yaşayış evləri, əsasən, bağ evləridir: “İş adamlarının əksəriyyətinin Bakıda bağ evi mövcuddur. Həmin əmlaklar da girov qoyularkən likvidliyi nəzərə alınır. Məsələn, bu gün dəyəri 200 min manata qədər olan bağ evlərinin likvidliyi daha yüksək hesab edilir. Dəyəri 5-6 milyon manat olan bağ evlərini satmaq problemlidir. Həmin əmlakların bütöv Azərbaycanda cəmi 3-4 alıcısı var. Onların da hər birinin 6-7 bağı mövcuddur”.

Oxunma sayı 47