“Ermənilər nağıllarımızı da oğurlayır“

22:15 07.10.2013
Yazını böyüt
Yazını kiçilt
Şakir Albalıyev: "Folklorşünasların qarşısında böyük bir məsul iş dayanır ki, bu da oğurlanmış milli-mənəvi incilərimizi yenidən özümüzə qaytarmaqdır"


Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folkloruna dair 100 cildlik kitabın nəşrinə başlayıb. Məqsəd Azərbaycanın milli-mədəni irsini dünya ictimaiyyyətinə çatdırmaqdır. Artıq kitabın 30-a yaxın cildi işıq üzü görüb. İnstitutun sabiq direktoru, professor Hüseyn İsmayılovun dövründən başlanan bu iş hazırda davam etdirilir. Üstəlik institutun indiki direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlunun layihəsi əsasında Qarabağ folklorunun toplanması istiqamətində mühüm addımlar atılır. Bu sıradan artıq "Qarabağ folklorda bir tarixdir" adlı 4 kitab işıq üzü görüb. Hazırda institutun əməkdaşlarının birbaşa ekspedisiyalarda topladığı materialları tədqiq etməklə məşğuldur.

Tanınmış folklorşünas-alim, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyevlə söhbətimizdə Azərbaycan folklorunun tədqiqatı sahəsindəki vəziyyətə aydınlıq gətirməyə çalışmışıq:

- Bildiyimizə görə, Qobustan qayalarında hələ də elmə məlum olmayan və sirri açılmayan eksponatlar mövcuddur. Bu barədə bilgiləriniz varmı?
- İki il əvvəl "Kredo" qəzetinin xətti ilə bir neçə dəfə Qobustan qoruğunda olmuşam. Gəzinti zamanı təsadüfən həmin ərazidə iri bir daşı döyəcləyirdim. Gördüm ki, daşdan eynilə "qavaldaş"ın çıxartdığı səs çıxır. Deməli, bizə məlum olmayan "qavaldaş"dan başqa "qavaldaş" da mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Qobustan qoruğunun ərazisində hələ çox tədqiq olunmalı və üzə çıxarılmalı eksponatlar mövcuddur.

- Bəs, bununla bağlı niyə indiyədək araşdırma aparılmayıb? Ümumiyyətlə, institutunuzun bu barədə məlumatı vardımı?
- Bu, birbaşa bizim sahəyə aid məsələ deyil. Bizə elə gəlir ki, bu barədə tarixçilər və etnoqraflar elmi-tarixi ekspedisiyalar aparacaq. Bu zaman onlar yəqin ki, tutarlı dəlillərlə, faktlarla üzləşəcəklər və onu dünya ictimaiyyətinə aşkarlayacaqlar. Həmin aşkarladığım o daş müzeyin ərazisindən təxminən 3 kilometr məsafədə, əks istiqamətdə yerləşir. Bu haqda ilk dəfədir ki, danışıram. Lakin bu sahə ilə mütəxəssislərin özlərinin birbaşa maraqlanması daha yaxşı olardı. Mən isə onlara bələdçilik edərdim. Çünki folklorşünaslıqla məşğul olmaq dərin elmi, nəzəri bilik tələb edir və bu işlə həmin keyfiyyətlərə malik yetkin mütəxəssis məşğul olmalıdır. Ona görə ki, folklor materiallarında həm tarixi baxımdan, həm etnoqrafik yöndən, həm də filoloji sahənin bütün istiqamətlərindən zəngin xammal var. Folklorşünas alimlər sadəcə folklor toplamaqla və ya o materialların zahiri təsvirini verməklə öz işini bitmiş hesab etməməlidir. Bu məsələ folklorşünasın öz tədqiqatına başlanğıc mərhələsini təşkil edir. Çünki folklorşünasın xalqa xidməti məhz folklor materiallarının özündə daşınan mənaaltı layları tapıb üzə çıxarmaq və xalqa təqdim etməkdir. Mən folklorun ən ilkin özəyi hesab olunan mifologiya sahəsi ilə məşğul oluram. Xüsusilə də bir alim kimi tədqiqatım mifoloq-alimdən araşdırdığı folklor materialının struktur-semantik özəlliklərində daşınan gizli qatları üzə çıxartmaqdan ibarətdir.

- Siz həm də nağıllarımızın araşdırıcısısınız. Qədim Azərbaycan nağılları toplanıb üzə çıxarılırmı?
- Bu mövzu ilə bağlı "Azərbaycan məişəti nağıllarında şah obrazı" adlı monoqrafiyam çap olunub. 1997-ci ildə "Erməni xalq nağılları" adlı kitabı oxudum. Həmin kitabda mənfur düşmənlərimizin folklor materiallarımıza da təzavüz etdiklərinin şahidi oldum. Onlar əksər nağıllarımızı həyasızcasına öz adlarına çıxıblar, özününküləşdiriblər. Bir sözlə, əksər nağıllarımız erməniləşdirilib. Təkcə bir faktı deyim: Ermənilər Şah Abbasla bağlı nağıllarımızı öz adlarına çıxıblar. Hazırda bizim folklorşünasların qarşısında böyük bir məsul iş dayanır ki, bu da oğurlanmış milli-mənəvi incilərimizi yenidən özümüzə qaytarmaqdır.

- Amma Azərbaycan xalq nağılları kifayət qədər təbliğ olunmur, qədim nağıllar yeni nəsilə çatdırılmır. Sizcə, səbəb nədir?
- Təəssüf ki, vəziyyət belədir. Hesab edirəm ki, qədim xalq nağıllarının təbliği ilə bağlı ciddi işlər görülməlidir. Bu prosesin həyata keçirilməsi ən çox televiziyanın üzərinə düşür. Ona görə ki, indiki dövr kompyüter əsridir, uşaq da, böyük də yazıdan-pozudan çox efirə gözlərini zilləyib baxırlar. Televiziya aparıcı ideoloji təbliğat vasitəsi olduğu üçün bu sahəyə xüsusi diqqət ayırmalıdır. Əfsuslar olsun ki, Azərbaycanın televiziya kanalları bütünlüklə özlərini "ulduz" adlandıran və səsi olmayan müğənnilərin qalmaqallı verilişləri ilə məşğul olur. Halbuki televiziyaların əsas məqsədi və funksiyası məhz milli irsimizin qorunmasına, onun təbliğinə dəstək verməkdir. Amma Azərbaycan televiziyaları qədim xalq nağıllarının təbliğinə yer ayırmır. Əvəzində bəzi ağzıgöyçək yazarlarımız Azərbaycanın xalq qəhrəmanı olan Koroğlunu mətbuatda quldur kimi qələmə veriblər. Halbuki Koroğlunun belə bir sözü də var: "Yüz il haramlıq etdim, amma bir haram tikə yemədim". Bu fikir Koroğlunun quldur olmadığını bir daha sübut edir. Ümumi götürdükdə təkcə Koroğlu yox, zəngin mənəvi irsimizlə bağlı deyilən neqativ, xoşagəlməz fikirlərin hamısı ya bilməzlikdən irəli gəlir, ya da İsmayıl Şıxlı demişkən, sapı özümüzdən olan baltaların arxadan kürəyimizə saplanması istəyindən yaranır. Bununla da düşmənin dəyirmanına su tökürlər.

Qələndər Xaçınçaylı
rubrikasından digər xəbərlər