Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan vildirib ki, rəsmi İrəvan Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq üçün yeni bir addım atmağa hazırdır.
Hafta.az-ın yazdığına görə, Unanyan deyib ki, Türkiyə Xarici işlər nazirinin əlaqələri yaxşılaşdırmaq məqsədilə xüsusi nümayəndə təyin ediləcəyinə dair açıqlamasından çox məmnundurlar. Buna qarşılıq olaraq, Ermənistan tərəfinin də nümayəndə təyin edəcəyini bildirən XİN sözçüsü əlavə edib ki, Ermənistan hər zaman olduğu kimi, Türkiyə ilə "mehriban qonşuluq siyasətinə üstünlük verir və heç bir şərt qoymadan münasibətləri yaxşılaşdırmağa hazırdır".
Qeyd edək ki, bu günlərdə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu şəxsi tvitter hesabında Ermənistan məsələsi ilə məşğul olacaq xüsusi nümayəndə təyin edəcəyini bildirmişdi.
M.Çavuşoğlu bundan öncə də TBMM iclasında bildirmişdi ki, Azərbaycan tərəfi də bu məsələdə müsbət mövqe sərgiləyir. "Biz hər bir məsələni Azərbaycanla danışıb məsləhətləşirik, sonda onlarla birlikdə qərar veririk. Ermənistan son yaşananlardan dərs alıb sülhü, sabitliyi seçərsə, səfirlik də açıla bilər. Bu müstəvidə də Azərbaycanla birlikdə qərar verəcəyik", - M.Çavuşoğli bildirmişdi.