Ermənistanın “sülh şərti - status” – Azərbaycanın cavabı “Dəmir Yumruq”

11:43 17.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Ermənistan öz əməlləri ilə sülh sazişini bağlamağa hazır olmadığını göstərir.  Sülh sazişinin imzalanması nə qədər tez baş verərsə, bu onların özləri üçün yaxşı olacaq”- deyə ölkə başçısı bildirib.

Ermənistan tərəfi isə bəyanat verir ki, “Dağlıq Qarabağın statusu” həll edilmədən heç bir sülh sazişindən söz gedə bilməz. Ermənistanın belə bir bəyanatla çıxış etməsinin arxasında nə, və kim dayanır.

Ekspertlər bu gün Kəlbəcər, Naxçıvan, Laçın, Ağdam ərazilərindən atəşkəsin pozulması sülh sazişi ilə bağlı vəziyyəti gərginləşdirmək və bu məsələdən imtinaya hesablanmış addım kimi dəyərləndirirlər. 10 noyabr bəyannaməsinə əsasən ermənil silahlıları Azərbaycan ərazilərindən çıxarılmırsa, Rusiya sülhməramlıları özünün missiyasını yerinə yetirib sülh yaratmırsa onların bölgədə qalmasına nə ehtiyac var?

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli hafta.az-a şərhində bildirib ki, Azərbaycan tərəfindən sülh sazişinin arqumentləri, fəlsəfəsi və əhəmiyyətini yetərincə açıqlanıb.  Onun sözlərinə görə, Ermənistanın 30 il uzatdığı münaqişənin onun üçün necə nəticələndiyini hamı gördü.

“Ermənistan indi də bu məsələni uzada bilər. Lakin nəticələr bəllidir. 30 il uzadılan sülh sazişi Ermənistanın başına nə oyunlar açdı, hansı rəzil günə düşdü, uduzdu, bütün ordusu məhv oldu. Ermənistan hakimiyyəti öz cəmiyyətinin gözündən düşdü. Paşinyandan əvvəlki Sarqisyan, Köçəryan hakimiyyətinin quldur, cinayətkar, saxtakar olduğu üzə çıxdı. 30 ildən sonra bunlar baş verdi. Bu ifrat düşüncələr ağıllı adamlar hakimiyyətə gələrsə bəlkə də dəyişər. Amma belə bir atalar misalı var:  deyir, kafir öz xoşuna cəhənnəmə getmir, onu döyə-döyə göndərirlər. Bu kafirlər də öz xoşuna getməyəcək. Belə getsə biz yenə də o Dəmir Yumruqla işimizi görəcəyik”.

F.İbrahimli əslində Ermənistanda sülh sazişini bağlamaq üçün müstəqil hakimiyyətin olmadığını önə çəkib.

“Sülh sazişinin imzalanması üçün Ermənistanda  oturuşmuş hakimiyyət olmalıdır ki, irəli çıxıb, “mən imzalıyıram” deyə bilsin. Amma bu gün Ermənistanda xaos var. Orda heç kim, heç kimə tabe deyil. Paşinyan seçkidə qələbə çalsa da, hələ yeni hökumət formalaşmayıb. Əks arqument sahibləri onun legitimliyini qəbul etmirlər.  Koçaryanla, Sarkisyanın quldur dəstələri hələ də özləri üçün manevrlər edirlər. Hələ çoxları Rusiya ilə məsləhətləşir.  Avropanın barmağı Ermənistanın qulağındadır. Diplomatların Şuşaya səfərindən imtina edən ATƏT-in Minsk Qrupu dövlətləri hələ də “bəlkə qaytardılar” prinsipi ilə danışırlar. Belə bir xaos içində olan Ermənistanın sülh sazişindən imtina etməyə axtardığı bəhanələr Ermənistanda olan mövcud mənzərədən qaynaqlanır”. 

F.İbrahimli hesab edir ki, Ermənistanda mövcud vəziyyətlə bağlı irəli sürülən bəhanələrə baxmayaraq sülh sazişi gündəmdədir və Azərbaycanın tələbidir. Azərbaycan tərəfinin sülhə nail olacağını deyən deputat bildirib ki, Ermənistanda o imza sahibi olmadığına görə, hələ ki, sülh sazişindən danışmaq mümkün deyil.

F.İbrahimli məğlub ölkənin son vaxtlar aktivləşərək Azərbaycana qarşı hərbi hücumlar təşkil edib, atəşkəsi pozmasında məhz havadar ölkələrin barmağının olduğunu dedi.

“Ermənistana xaricdən kifayət qədər təsirlər var.  Bunu başqa cür ifadə etsək, Paşinyan cərcənək qalıb. Çünki Avropa, Amerika bunun hakimiyyəıtini dəstəkləyir. Rusiya qarşısında şərtlər qoyub və bu da hakimiyyətdə qalmaq üçün hamısına “hə-hə” deyib.  Ermənistan həm Avropanın, həm Rusiyanın istəyini necə ödəyə bilər. Digər tərəfdən Paşinyanı devirmək üçün hər yola əl atan, şovinist hakimiyyət, türkə qarşı düşmən olan, məğlubiyyətlə barışmayan xalq, daxili qüvvələr var.  Eyni zamanda 30 il hakimiyyətdə olanlar, və bu qədər problemlərlə üz-üzə qalan Paşinyanı xalq niyə sevsin.  Bir səbəb var idi, Paşinyan Sarkisyanın, Köçaryanın yaratdığı ordu ilə döyüşürdü. Erməni xalqı təzədən diktaturaya qayıtmamaq üçün, övladlarını başqasının torpağına göndərib qırdırmamaq üçün onu seçdilər. Hitlerin bir sözü var: deyir, pis adamları görəndə itə hörmətim artır.  Bax bu prinsiplə Paşinyan orada səs qazana bilib”.

Deputat hazırda regionda atəşkəsin pozulmasının qarşısını almayan, sülhü qoruya bilməyən sülhməramlıların əsl missiyasının mahiyyətini ortaya qoyub. Bildirib ki, rus sülhməramlıları regiona ona görə gəlməyib ki, atəşkəsin qabağını alsın.  Ruslar 1992-ci ildə regiondan çıxarılmışdılar. Təzədən  regiona girmək üçün yeni bəhanə əldə etdilər. Rusiya bir şey edə bilmir. Çünki Paşinyan sırf rusların adamı deyil, Avropanın, Amerikanın diqtəsi ilə oturub-durur. Bir qismi Paşinyanın xoşuna gəlmək üçün çalışır, bir qismi qorxutmaq,  hədələmək və təzyiq üçün manevrlər edirlər”.

Atəşkəs regiminə gəlincə isə, F.İbrahimli başı əzilən erməni ilanının ay uduzu görəndən sonra öləcəyini dedi. “Azərbaycan bütün dünyaya bəyan etdi ki, mən öz sərhəddimi, torpağımı qorumağa, millətimi müdafiə eləməyə hazıram. Bizim qətiyyətli dövlət başçımız, cəsarətli Ali Baş komandanımız, ordumuz var.  Bzim torpaq torpaq millət varlıq məsələsində milli birliyimiz var və bunu da heç kəs məğlub edə bilməz”.

 Politoloq Natiq Miri hafta.az şərhində bildirib ki, Ermənistanın sülh sazişini bağlamaq üçün ortalıya atdığı şərtlər qəbul oluna bilməz.  

“Harda görünüb ki, məğlub ölkə qalib ölkə qarşısında şərtlər qoysun.  Bu o zaman olur ki, bu ölkənin arxasında ona dəstək verəcək havadar ölkələr olur. Ermənistanda olan siyasi hakimiyyət onlara verilən  bəzi vədlər əsasında absurd davranırlar. Bu, həm Ermənistan-Azərbaycan  sərhəddində, həm də Qarabağda erməni silahlı birləşmələrinin tez-tez atəşkəsi pozaması hadisəsində özünü göstərir. Çünki əgər atəşkəs davamlı olarsa yeni döyüş əməliyyatlarının başlaması ehtimalını oraya çıxarır.  Belə olduğu təqdirdə Ermənistanı və Qarabağdakı erməni silahlı birləşmələrini Azərbaycan ordusunun əlindən kim alacaq. Mənə belə gəlir ki, bu çox mühüm bir sualdır. Güvəndiyi Rusiya bunu edə bilməyəcək. Çünki Rusiyanın bunu edəcək gücü yoxdur. Kimsə deyə bilər ki, Gümrüdə Rusiyanın 5 minlik ordusu var. Bu, Azərbaycan ordusunun Şuşadan sonra Xankəndiyə girməsinin qarşısını alan hadisələrdən biri də Rusiyanın muzdlu qoşunlarının Xankəndiyə yerləşməsi ilə bağlı idi. Orda daş üstə daş qalmayacaqdı.  Və Rusiya bunu bildiyi üçün dərhal atəşkəsin təmin olunması ilə bağlı gecə hərəkətə keçdi.  Bakı şəhərini vurmaq üçün konkret raketlər buraxıldı ki, bu da  havadan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildi.  Azərbaycan da ona qədər əldə etdikləri nailiyyətləri qorumaq və gələcək strategi addımları üçün buna getmək məcburiyyətində qaldı”.

Politoloq hesab edir ki, bu gün situasiya tamamilə fərqlidir. Onun sözlərinə görə, artıq ortada Şuşa Bəyannaməsi mövcuddur və bundan sonra istər Qarabağ, istərsə də Ermənistanda erməni qoşunlarını Azərbaycan ordusunun əlindən heç kim ala bilməz.

“Qorxaq Makron? Hansı ki bütün siyasəti yalnız siyasi uğursuzluqdan ibarətdir. Yoxsa ABŞ özü gəlib Azərbaycan sərhəddində Ermənistanı qoruyacaq?!. Ermənistan nə zaman geosiyasi alət olmaqdan qurtulmaq istəyəcəksə, o zaman gələcək iqtisadi, siyasi, humanitar emiqrasiya perspektivi həll olunacaq. Ermənistan kimlərəsə alət olmaqla gələcək uğurlara imza atmaq istəyəcəksə onu böyük faciələr gözləyir. Ona görə də birmənalı ifadə etsək,  Ermənistanı bu cür absurd iddialara vadar edən ATƏT-in Minsk Qrupunda olan üç havadar dövlətdir.  Həmsədr dövlətlərinin bu cür təxribatçı, stimullaşdırıcı, yönləndirici addımlarına qarşı Ermənistan cəmiyyətində və  yeni Paşinyan hökumətində dirəniş olmazsa, situasiyanı doğru-dürüst dəyərləndirməzlərsə bu, həm Paşinyan hökuməti, həm də Ermənistanın gələcəyi üçün çox böyük faciəvi durum yaradacaq. Söhbət ondan gedir ki, növbəti müharibə təhlükəsi çərçivəsində  artıq ana Azərbaycanla Naxçıvanı birləşdirəcək Ermənistandan keçən ərazilər qalmayacaq.  Azərbaycana məxsus ərazilər alınacaq və Ana Azərbaycanla Naxçıvan birləşdiriləcək. Bununla da Türk dünyasının kommunikasiyasının önü açılacaq. Ayrıca Laçın dəhlizi birdəfəlik bağlanacaq ki, bu da Qarabağ erməniləri ilə Ermənistanın əlaqəsini birdəfəlik kəsəcək.  Üstəlik, bundan sonara Rusiya qoşunları Qarabağda qala bilməyəcək. Çünki müharibə başladığı təqdirdə 10 noyabr sənədinin heç bir əsası qalmayacaq”.

Rusiya, ABŞ, Fransa-nın Azərbaycana qarşı birgə hərəkət etməsini bildirən politoloq, bu məsələnin  həmin dövlətlərin Şuşaya səfərdən imtina ilə də təsdiq edildiyini önə çəkdi. Onun fikrincə, Azərbaycana və Türkiyəyə qarşı birgə çıxış edən bu üç dövlətin birliyinə adekvat olaraq Türkiyə, Azərbaycan və Pakistan da bir koalisiyada birləşməlidir və artıq bu proses daha da genişlənir.

“Bu prosesin önü açıqdır. Bu, Pakistan, Azərbaycan Türkiyə  birliyi ilə kifayətlənəcək bir proses deyil.  Böyük Turanın qurulmasına qədər bu proses inkişaf edəcək böyük bir layihədir.  Əslində Rusiyanı əndişələndirən  hadisə də budur.  Rusiyanın Türkiyənin Əfqanıstanda qalmasına narazılıq etməsinin əsas səbəbi də budur. Çünki Türkiyənin Əfqanısatanda varlığı Orta Asiyada türk dövlətlərinin tədricən birləşmə ehtimalını artırır. Bu da Rusiyanı narahat edir. Çünki Mərkəzi Asiyada hansı güc balanslaşdırıcı güc olacaqsa,  o regiondakı bütün ölkələr məhz həmin gücün ətrafında yer alacaqlar. Bu gün Rusiya qışqır-bağır salmasına rəğmən hiss olunur ki, artıq tədricən təhlükəsiz və stabilləşdirici güc Türkiyədir. Əfanıstanda da , Mərkəzi Asiyada da gələcək perspektiv bunu göstərir. Əslində Azərbaycanla Türkiyə bu prosesi aparır. Əslində bu gün Şuşanı ziyarət etməklə bağlı Azərbaycana demarş göstərən  üç həmsədr dövlətin əsas narahatçılığı təxminən bu kontekstdədir.  Bölgədə Türkiyə ilə güclənən Azərbaycanı istəmirlər. Üç həmsədr dövlətlər Ermənistan vasitəsi ilə bu prosesi dayandırmaq və  geosiayasi maraqlarını təmin etmək istəyirlər.  Ancaq bu yanlış bir layihədir.  Bu gün ABŞ-ın, Fransanın Cənubi Qafqazda apardığı siyasətin əksi olaraq Avropa Birliyi tamam fərli siyasət aparır. Avropa Birliyi Ermənistana iqtisadi dirçəliş üçün 5 prioritet  istiqamətdə 1,5 milyard  avro pul buraxıb.  Bununla bağlı Avropa İttifaqını genişlənmə və Avropaya qonşuluq siyasəti üzrə komissarı Oliver Ermənistana gəlmişdi.  Onun Ermənistandakı çıxışında bir məqam var.  Əgər həqiqətən də bu iqtisadi dirçəliş proqramı doğru-dürüst yerinə yetirilərsə, bu məbləğ 2,6 milyard avroya qədər artırıla bilər.  Bu cırtdan Ermənistan üçün böyük məbləğdir.  Söhbət ondan gedir ki,  Avropa Birliyi Ermənistanın bütün kommunikasıyaların açıldığı dövlət və tranzit bir ölkə olmasını istəyir.  Bu da şimal-cənub  kommunikasiya dəhlizinin yaradılması, eyni zamanda da Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir.  Ermənistanın bundan gözəl gələcək perspektivi varmı? Bu gün isə sülh sazişi ilə bağlı Ermənistanın iddiaları, ictimaiyyəti aldatmaq üçün bəhanədir.

 

Oxunma sayı 9599