Fermerlərin maliyyəyə çıxış imkanı

14:40 10.06.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan iqtisadiyyatına ayrılan kreditlərin 1,6 faizi kənd təsərrüfatına yönəldilib. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransında deyib.

“Bu isə aqrar potensialın böyük olduğu Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyəyə çıxış imkanları mexanizmləri və şərtlərində müəyyən islahatların aparılmasının zərurətini göstərir”, - deyə M. Musayev bildirib.

Onun sözlərinə görə, bu gün aqrar sektorun sığorta sistemi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar İnkişaf Fondu kimi güzəştli dövlət maliyyə mənbələri fəaliyyət göstərir və bu da öz növbəsində aqrar sahədə çalışan sahibkarların daha yaxşı şərtlərlə kredit almasına imkan yaradır: “Hesab edirik ki, girov mexanizmi ilə bağlı təkmilləşmələr də gələcəkdə inkişafa dəstək olacaq”.

2024-cü il mayın 1-nə olan məlumatına görə, bankların ümumi kredit portfelinin həcmi 25 milyard manat təşkil edib. Biznes kreditlərin (13,5 milyard manat) 7,7 milyard manatı iri sahibkarlığa, 1,6 milyard manatı orta sahibkarlığa, 1,4 milyard manatı kiçik sahibkarlığa, 2,8 milyard manatı isə mikro sahibkarlığa verilib.

ASK prezidenti qeyd edib ki, ötən bir ildə mikro sahibkarlığa verilən kreditlərin həcmi 700 milyon manatadək artıb:”Kənd təsərrüfatına verilən kreditlərin ümumi həcmi isə 471,3 milyon manat təşkil edir. Bu kreditlərin 427 milyon manatı banklar, 44,7 milyon manatı isə bank olmayan kredit təşkilatları tərəfindən verilib”.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanın aqrar sektorunda kreditləşmənin zəif olmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, aqrar sektor çox böyük risklərin olduğu sahədir:

“Azərbaycanda mövcud aqrar sığorta mexanizmi kənd təsərrüfatında təbii iqlim şərtlərinə bağlı zərəri kompensasiya etsə də, dünya təcrübəsində geniş yayılmış gəlirlərin, məhsuldarlığın sığortalanmasını əhatə etmir. Bu da aqrar sektorda riskləri tam olaraq aradan qaldırmır. Digər tərəfdən, aqrar sığorta mexanizminin əhatə dairəsi çox məhduddur. Bu gün ölkədə aqrar istehsalçıların 95 faizdən çoxu ailə təsərrüfatlarıdır ki, onlar da bu mexanizmdən istifadə etmirlər”.

Ekspert deyib ki, regionlarda kredit təminatı problemi həll olunmamış qalmaqdadır: “Banklar regionlardakı daşınmaz əmlakı kredit təminatı olaraq qəbul etməkdən çəkinirlər. Regionlarda daşınmaz  əmlakın qiyməti aşağıdır, satış imkanları məhduddur. Buna görə də banklar belə əmlakı girov olaraq götürməməyə çalışır, daşınmaz əmlak bazarı aktiv olan Abşeron yarımadasında yerləşən əmlak tələb edirlər. Fermerlərin, aqrar istehsalçıların isə çoxunun belə təminat vermək imkanı yoxdur. Daha bir problem güzətli kredit imkanlarının da məhdud olmasıdır”.

Onun fikrincə, aqrar kreditləşməni artırmaq üçün ilk növbədə dövlət təminatı gücləndirilməlidir: “Çünki qısamüddətli dövrdə yalnız bu kimi alətlər effekt verə bilər. Kreditlər üçün dövlət zəmanəti mexanizmi var, onun aqrar istehsalçılara yönəlik genişləndirilməsi lazımdır. Bundan əlavə, kənd təsərrüfatına dövlət zəmanəti mexanizmləri daha da sadələşdirilməli və ucuzlaşdırılmalıdır. Aqrar sığorta mexanizmi genişləndirilməli, bu mexanizm ixrac, gəlirlər və məhsuldarlığı da əhatə etməlidir. Aqrar sahə bütün dünyada dövlətin dəstəyini alır, çünki ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin olunması vacibdir. Dövlət kənd təsərrüfatının müasir texnologiyalara əsaslanan intensiv inkişafını təmin etmək üçün dəstəyini xeyli artırmalıdır”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli düşünür ki, hazırda kənd təsərrüfatının maliyyələşdirilməsində bir neçə istiqamət üzrə problem var: “Kredit verilərkən zəmanət tələb olunur. Bu zəmanəti də həmişə ehtiyatla götürürlər. Məsələn, rayon yerindəki mülkləri zəmanət kimi götürmürlər. Yəni kənd təsərrüfatı sahəsi sığorta üçün hazırda riskli sahədir. Son illər sel, daşqın və s. hallarının baş verməsi də sığorta risklərini bir qədər artırır. Elə buna görə də həm maliyyələşmədə çətinlik yaranır, kənd təsərrüfatına kreditin verilməsi halları azalır”. 

A. Nəsirli deyir ki, hazırda kənd təsərrüfatının sığortalanması prosesi ləngiyir, bu da digər problemlərə yol açır: ”Sığortalanmanın ləngiməsi, zəif aparılması həm də bankların kredit verilməsinə dolayısı ilə təsir edir. Sığortasız təsərrüfatlara kreditin verilməsində çətinliklər yaradırlar. Yəni müxtəlif bəhanələrlə banklar kredit vermir. Bu problemləri aradan qaldırmaqdan, bu riskləri önləməkdən ötrü birinci növbədə kənd təsərrüfatına verilən subsidiyaların formasını dəyişdirmək, daha səmərəli metodlardan istifadə etmək lazımdır. İkincisi torpaqların həm sahiblərinə, həm də icarəyə götürmüş fermerlərin bu addımlarının əqdlər formasında sənədləşdirilməsini asanlaşdırmaq lazımdır. Məsələn, kimsə torpağı ya dövlətdən, ya sahibkardan icarəyə götürür, bunun sənədləşdirilməsində çətinliklər yaranır”.

Onun sözlərinə görə, bu problemləri aradan qaldırmaq üçün hökumət konkret addımlar atmalıdır: “Maliyyələşdirmədə çətinliyin yaradılmasında sənədləşmə başqa bir problemdir. Digər sığorta şirkətlərini də stimullaşdırmaq gərəkdir. Kənd təsərrüfatı sığortası seqmentinin sığorta bazarında formalaşması üçün daha çox stimullaşdırıcı addımlar atılmalıdır. Yəni sığortanın yarısının dövlət hesabına ödənilməsi bu bir qaydadır. Dünyada digər stimullaşdırıcı metodlar da var. Onlardan da kənd təsərrüfatında istifadə edilməlidir. Yəni bu problemlərin aradan qaldırılması kənd təsərrüfatının inkişafına və həm də onun maliyyələşdirilməsindəki problemləri aradan qaldırmağa kömək edə bilər”.