Əlcəzair prezidentnin müşaviri Əbdülməcid Şeyhi dövlət radiosuna verdiyi müsahibədə deyib ki, Fransanın müstəmləkə dövründə ölkəsinə vurduğu zərbələri heç vaxt unutmayacaqlar və törədilən cinayət işləri bağlı araşdırılan işlər nəticə verməyincə bağlanılmayacaq.
Hafta.az yazır ki, bu məsələ ilə bağlı Fransanın prezident ofisindən verilən açıqlamaya görə, prezident Emmanuel Makron Əlcəzairin dövlət başçısı Əbdülməcid Tebbuna, Fransanın müstəmləkə məsələsi ilə bağlı hesabatının gələn ay – yanvarda hazır olacağını bildirib.

Fransa mətbuatında yer alan xəbərlərdə deyilir ki, iki ölkə arasında münasibətlərdə bu məsələ ilə bağlı ortaya çıxan anlaşılmazlıqları yoluna qoymaq üçün, Əlcəzair tarixi üzrə mütəxəssis Benjamin Stora prezident Makrona artıq ilkin hesabat təqdim edib.
Qeyd edək ki, Əlcəzairlə Paris, təxminən 4 ildir Fransanın müstəmləkə dövrünə dair, dörd fərqli istiqamətdə danışıqlar aparır. Bunlar, Əlcəzairin Fransadakı arxivlərinin təslimi, müstəqillik savaşı zamanı öldürülən əlcəzairli azadlıq fəallarının sümüklərinin (nəşlərinin) iadəsi, Fransanın Saharada həyata keçirdiyi nüvə sınaqlarından ziyan çəkən insanlara təzminatın ödənilməsi və 1954-1962-ci illərdə baş vermis azadlıq müharibəsi dövründə itkin düşmüş 2200 əlcəzairlinin vəziyyətini əks etdirən bilgilərin verilməsini əhatə edir. Amma Fransa hər dəfə arxivləri Əlcəzairə qaytarmaq haqda təklifləri rədd edir.

Bu ilin iyul ayında Paris 24 əlcəzairli azadlıq mübarizinin kəllə sümüklərini Əlcəzairə qaytarmışdı.
Xatırladaq ki, prezident Tebbun iyulun 19-da müşaviri Əbdülməcid Şeyhiyə milli tarix və arxivləri yenidən qurma səlahiyyəti verib. Bundan cəmi 6 gün sonra prezident Makron da tarixçi B.Storanı müstəmləkə tarixi və Əlcəzair müharibəsi məsələsini araşdıraraq, iki ölkə arasında narazılıqları aradan qaldırmağı tapşırıb.
Məlumat üçün bildirək ki, Əlcəzair Fransadan müstəmləkə dönəmində törətdiyi cinayətləri qəbul etməsini və üzr istəməsini tələb etsə də, rəsmi Paris keçmişi unutmağı məsləhət görərək tələbləri rədd edir.