Füzuli-Ağdam yolunda iki nəfər minaya düşüb - YENİLƏNİB

19:59 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı baş verib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.

Araşdırma aparılır.

*** 19:12

Bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb.

Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyesindən amputasiya edilib.

"Bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırırıq", - məlumatda deyilir.

Qeyd edək ki, hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.