Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binadakı yanğının yaratdığı dəhşət, üç insanın ölümünə səbəb olan hadisə kimi hər kəsdə böyük bir sarsıntı hissi yaratmaqla yanaşı, bəzi mübahisəli məqamları yenidən gündəmə gətirdi. Söhbət yaşayış binalarının 1-ci mərtəbələrində yerləşən restoran, kafe və digər iaşə obyektlərində elektrik enerjisinin verilməsinə nəzarətin nə dərəcədə aparılması və həmin obyektlərin texniki göstərişlərə nə dərəcədə əməl etməsidir.
Binalarda baş verən yanğınların səbəbləri, təxminən, eynidir: elektrik xətlərində qısaqapanma, qaz sızması... İstər-istəməz sual yaranır: yeni tikilən binalarda elektrik xətlərinə nəzarət necədir, eləcə də binaların altında yerləşən mağaza və restoranların fəaliyyəti qanunla necə nizamlanır? Məlumdur ki, çox vaxt həmin obyektlərin fəaliyyəti sakinlər arasında ciddi narazılıq yaradır.
Milli Məclisin sosial və siyasət komitəsindən deputat Elşad Musayev Hafta.az-a bildirib ki, qanunvericilikdə bununla bağlı hər şey göstərilib. Sadəcə, qanunların icrasına nəzarət zəifdir. “Binaların altında, üstündə olan qeyri-yaşayış obyektləri müvafiq dövlət orqanlarının nəzarətində olmalıdır. Görünən odur ki, yaxşı nəzarət eləmirlər” - deputat deyib.

“Azərişıq”dan isə bildirildi ki, hər bir halda işıq enerjisindən istifadə edən qeyri-yaşayış obyektinin texniki göstəriciləri qaydasında olmalıdır. Hər bir qeyri-yaşayış obyektinin enerji təchizatı elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədlə verilir və daim nəzarətdə saxlanır. İdarə yetkilisi binada baş verən yanğın hadisəsi ilə bağlı müxtəlif ehtimalların olduğunu vurğuladı.
Tahirə Qafarlı