"Azərbaycan futbolunda yaranan son vəziyyət investorların idmana marağına mənfi təsir göstərə və uzun illər ayrılan vəsaitlərin effektivliyinə dair ciddi suallar yarada bilər. Son günlər Azərbaycan futbolunda baş verən hadisələr, o cümlədən Tovuzun "Turan" klubu ilə bağlı məsələ ciddi narahatlıq doğurur".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, bir iş adamı futbol klubuna milyonlarla vəsait yatırır, komanda nəticə qazanaraq Avropa yarışlarına vəsiqə əldə edir, lakin sonradan iştirakla bağlı problemlərlə üzləşir.
“İş adamı gedir, komandanı götürür, milyonlarla vəsait xərcləyir, Avropa Kuboklarına vəsiqə qazanır, sonra məlum olur ki, bu komanda 10 il Avropada iştirak edə bilməz. Əgər bu barədə əvvəlcədən məlumat verilməyibsə, bu, çox ciddi məsələdir. Belə hallar gələcəkdə idmana investisiya yatırmaq istəyən sahibkarların qərarlarına təsir göstərə bilər. Hansı iş adamı bundan sonra milyonlarla vəsait xərcləyib bir klub götürər, hansısa rayonda idman həyatını canlandırmağa çalışar? Bu məsələlərə kiçik epizod kimi baxmaq olmaz”, deputat bildirib.
Deputat qeyd edib ki, futbol sahəsində şəffaflıq və idarəetmə məsələləri ayrıca diqqət tələb edir. Vurğulayıb ki, korrupsiya məsələlərinə yalnız hansısa dövlət qurumunda baş verən ayrıca hadisə kimi baxılmamalıdır. Onun fikrincə, bunun nəticəsi illərlə ayrılan vəsaitlərin səmərəliliyinə də təsir edir.
Fazil Mustafa çıxışında region ölkələri ilə müqayisələr də aparıb. Bildirib ki, legioner futbolçu sayı baxımından Azərbaycan geri qalır:
“Özbəkistanın 60 legioner futbolçusu var, Gürcüstanın 120, Ermənistanın 40 futbolçusu müxtəlif ölkələrdə çıxış edir. Azərbaycanın isə cəmi 9 futbolçusu xaricdə oynayır və onların böyük hissəsi yüksək səviyyəli futbol ölkələrində çıxış etmir. Bu, ölkəyə valyuta gətirmək, ölkənin nüfuzunu artırmaq deməkdir. Ona görə də futbol sahəsindəki problemlərə daha sistemli yanaşmaq lazımdır”.