“Şəfa” futbol klubu yeni baş məşqçisinin adına aydınlıq gətirib.
Hafta.az xəbər verir ki, komandanın sükanı arxasına Zaur Həşimov keçib.
Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və mütəxəssislə 3 illik müqavilə imzalanıb. Müqavilənin imzalanma mərasimində klubun prezidenti Kənan Sadıqlı da iştirak edib.
Zaur Həşimov “Şəfa” üçün tanış simadır. O, futbolçu karyerası dövründə bu klubun formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
44 yaşlı mütəxəssis məşqçilik fəaliyyətində “Qəbələ” və “Zirə” klublarında çalışıb. Həşimov eyni zamanda Bakı təmsilçisinin baş məşqçisi olub, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
Qeyd edək ki, Zaur Həşimovun qarşıdakı üç il ərzində “Şəfa”nın inkişafı və qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində çalışacağı gözlənilir.