Güzəştli şərtlərlə pensiya hüququ

13:10 22.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda pensiya yaşının yüksək olması zaman-zaman müzakirə olunan məsələlərdəndir. Qeyd edək ki, hazırda pensiya yaşı həddi kişilərdə 65 il, qadınlarda isə 63 il 6 aydır. Bununla yanaşı, müəyyən sahələrdə çalışanların digərlərindən daha tez pensiyaya çıxmaq hüququ var. Söhbət güzəştli şərtlərlə pensiya almaqdan gedir.

Bəs, görəsən bu kateqoriyaya hansı peşələr aiddir? Azərbaycanda kimlərin güzəştli şərtlərlə pensiya almaq hüququ var?

Qeyd edək ki, “Əmək pensiyaları” haqqında qanuna əsasən, aşağıdakı sahələrdə çalışan şəxslərin güzəştli pensiya almaq hüququ mövcuddur:

– axırıncı iş yerindən asılı olmayaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı) nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaşı 5 il azaldılmaqla;

– hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılmaqla;

– mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiya yaş həddi 15 il azaldılmaqla;

– prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin;

– yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin;

– Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların;

– hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin;

– hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin;

– hərbi xidmət müddəti 15 il və daha çox olmaqla, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların;

– ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan şəxslərin.

Bundan başqa, 5 və daha çox uşaq dünyaya gətirib, övladlığa və ya qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcuddur.

Həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi olan uşağını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən ataların, eyni zamanda, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərin bu yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Eyni zamanda, şəxsin güzəştli şərtlərlə pensiyaya çıxması onun gözlənilən pensiya ödənişi müddətinə təsir etmir. Yəni, şəxs 60 və ya daha erkən yaşda pensiyaya çıxmasına baxmayaraq, ona da digərləri kimi 12 il (144 ay) pensiya ödənilməsi nəzərdə tutulur. Lakin ölkə üzrə orta ömür müddətini (77 yaş) nəzərə alanda, belə şəxslərin daha çox müddətdə (ən azı 16 il) pensiya aldıqlarını demək mümkündür. Nəhayət, vaxtından əvvəl pensiyaya çıxmaq barədə danışdıqda iki 2 vacib məqama diqqət yetirmək lazımdır. Birincisi, vaxtından tez pensiyaya çıxmaq hüququna malikdir – yəni pensiyaya çıxıb-çıxmamaq həmin şəxslərin qərarından asılıdır. Yəni istəməyən şəxs bu hüquqdan istifadə etməyə bilər. İkinci məqam odur ki, burada nəzərdə tutulan hüquq şəxsin axırıncı iş yerinin harada olmasından asılı deyil.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycanda pensiya yaşı qonşu ölkələrin praktikasına uyğun olaraq təyin edilib: “Pensiyada yaş həddi aktual məsələlərdən biridir. Bir çoxları Avropa ölkələrinin praktikasına əsaslanaraq həddin dəyişilməsini istəyirlər. Elə ölkələr var ki, pensiya yaş həddi bizdən xeyli yüksəkdir, bəziləri isə çox aşağıdır. Düşünürəm ki, vətəndaş nə qədər tez pensiyaya çıxarsa, o qədər xoş güzəran görər. Bir çox vətəndaşlarımız var ki, təqaüdə çıxandan sonra işləmək arzusunda olurlar. Amma ümumilikdə, ilk növbədə, təqaüdə qədər dayanıqlı həyat təşkil olunduqdan sonra yaş həddinin aşağı salınmasının tərəfdarıyam”.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov isə bildirib ki, bir müddət əvvəl Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib: “Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib. Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər”.

Deputatın fikrincə, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur: “Hesab edirəm ki, belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu, həmin vətəndaşların sosial təminatının daha da gücləndirilməsinə xidmət edə bilər”.

Oxunma sayı 46