“Hər gün 200 dəfə ölümlə hədələnirəm” - Serbiya prezidenti

09:30 06.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Serbiya prezidenti Aleksandr Vuçiç hər gün 200 dəfə ölümlə hədələndiyini bildirib.

Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, ötən şənbə paytaxt Belqradda minlərlə hökumət əleyhinə etirazçının təşkil etdiyi yürüşdə bir qrup fəal Vuçiçin maketini dar ağacından asaraq liderə etiraz edib. Vuçiç bunun ilk olmadığını deyib: “Mən prezidentəm və ölüm təhdidlərinə dözmək borcumun bir hissəsidir. Hər gün 200 dəfədən çox ölümlə hədələnirəm. Bunlarla bağlı şəxsi və ya rəsmi hüquqi proses başlana biləcəyini deyə bilmərəm. Əgər prezidentsənsə, buna dözməyi öyrənirsən”.

Qeyd edək ki, etirazlar ötən ay Serbiyanı ayağa qaldıran silahlı hücumlardan sonra keçirilən nümayişlərin bir hissəsi idi.

Mayın 3-də 14 yaşlı Kosta Keçmanoviç paytaxtın Vracar bölgəsində ibtidai məktəbə hücum edərək 8-i uşaq olmaqla 9 nəfəri öldürüb, bir müəllim və 6 şagirdi yaralayıb.

İki gün sonra Miladenovacda 21 yaşlı Uros Blaziçin hərəkətdə olan avtomobildən avtomatik tüfənglə atəş açması nəticəsində 8 nəfər həlak olub. Hücum edən hər iki şəxs polis tərəfindən yaxalanıb.

Mayın 26-da 200 minə yaxın insanın iştirak etdiyi hökumət əleyhinə etirazlardan sonra Vuçiç hakim Serb Tərəqqi Partiyasının (SNS) lideri vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra müdafiə naziri Miloş Vuçeviç partiyanın rəhbəri olub.

SNS üzvü olaraq qalacağını deyən Vuçiç partiyaların üstündə siyasi struktur quraraq işinə davam edəcəyini bildirib. Bu istiqamətdə liderin iyunun 28-də ölkədə müxtəlif siyasi baxışlardan olan insanların bir araya gəldiyi “Dövlət Uğrunda Xalq Hərəkatı” adlı çətir təşkilatı yaratması gözlənilir. Partiyanın yeni lideri Vuçeviç də SNS-in bu formalaşmaya qoşulacağını bəyan edib.

Ölkəni sarsıdan zorakılıqdan sonra mayın 8-dən iyunun 8-dək qanunsuz silahların könüllü təhvil verilməsi işlərinə başlanılıb. Daxili İşlər Nazirliyinin mayın 14-də yaydığı son məlumatlara görə, vətəndaşlar 15500 sənədsiz silah və partlayıcı maddəni aidiyyəti qurumlara təhvil veriblər.

Oxunma sayı 232