Ermənistan-Türkiyə nizamlanması və Ermənistan-Azərbaycan sülh prosesi bir-birinə təsir göstərə bilsə də, iki fərqli prosesdir. Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, Bunu oktyabrın 24-də jurnalistlərlə söhbətində Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə nizamlanması prosesində irəliləyiş Ermənistan-Azərbaycan sülh prosesinə böyük töhfə verəcək. O əlavə edib ki, regionda gedən bir çox proseslər buna töhfə verə bilər.
Bununla yanaşı, Rubinyan əmin edib ki, Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılaşma hələ də İrəvanın təqsiri olmadan həyata keçirilməyib. O, Ermənistanın müvafiq addımlar atdığını və Marqara keçid məntəqəsini təmir etdiyini xatırladıb. “Hər şey hazırdır, Türkiyə tərəfinin razılıqlarını yerinə yetirməsini gözləyirik. Nizamlanma prosesi davam edir və Ermənistan tərəfi sabah da sərhədlərin və diplomatik münasibətlərin açılmasına hazırdır”, - vitse-spiker qeyd edib.