Hindistanda 6 saatdan az müddətdə evlənən 2413 cütlüyün adları iki fərqli kateqoriyada Ginnesin Rekordlar Kitabına yazılıb.
Hafta.az-ın Al-Ain.com-a istinadən yazdığına görə, mayın 26-da ölkənin Racəstan əyalətində kütləvi toy mərasimi keçirilib. Mərasimdə müsəlman və hindu icmalarından toplam 4826 nəfər 6 saatdan az müddətdə kütləvi şəkildə evlənib.
Beləliklə, sözügedən 2413 cütlük Ginnesin Rekordlar Kitabına “ən çox cütlük 12 saatda evləndi” və “ən çox cütlük 24 saatda evləndi” adlı iki ayrı kateqoriyada daxil olub.
Racəstan əyalətinin baş naziri Aşok Gehlotun da qatıldığı mərasimə cütlüklərin ailələri və yaxınları da daxil olmaqla 1 milyondan çox insan qatılıb.
Mərasimdən sonra yeni cütlüklərə zinət və məişət əşyaları kimi hədiyyələr təqdim olunub.
Kütləvi toy mərasiminin qeyri-hökumət komitəsi tərəfindən yoxsul bölgələrdə yaşayan və evlənməkdə maddi çətinlik çəkən cütlüklərə dəstək olduğu paylaşılıb.