İkili vətəndaşlığı olanların nikah qayğısı

00:00 19.11.2013
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda bu cür şəxslərin nikaha daxil olması üçün hansısa maneə yoxdur


Redaksiyamıza müraciət edən Nicat Ələkbərov uzun illərdir ki, Almaniyada yaşayır. Hazırda o, Aərbaycan vətəndaşı olmaqla yanaşı, həm də Almaniya vətəndaşıdır. Həmsöhbətimiz bu ilin yay aylarında Bakıda yaşayan yaxın qohumlarından biri ilə ailə qurmağa hazırlaşır. Amma ikili vətəndaşlığa malik olduğundan nikahının rəsmi şəkildə qeydə alınmasında problemlər yaşayacağından ehtiyatlanır: «Hazırda ikili vətəndaşlıq daşıyıram. Lakin bilmirəm ki, mən rəsmi nikaha hansı pasportla daxil olmalıyam».
Maraqlıdır görəsən, ikili vədəndaşlığı olan şəxslər Azərbaycanda hansı şərtlərlə nikaha daxil ola bilərlər? Bu insanların nikaha daxil olması zamanı ölkə qanunvericiliyi hansısa qadağalar nəzərdə tuturmu? Ümumiyyətlə, Azərbaycan vətəndaşlığını necə əldə etmək mümkündür?
Məsələyə münasibət bildirən hüquqşünas Səfa Camalzadə deyib ki, əgər şəxsin ikili vətəndaşlığından biri Azərbaycan Respublikasına aiddirsə, onda həmin şəxs adi vətəndaşlar kimi VVAQD orqanına müraciət edərək nikaha daxil ola bilər. Onun sözlərinə görə, əgər həmin şəxs xarici ölkənin vətəndaşlığı ilə nikaha daxil olmaq istəyirsə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl etməklə nikaha daxil olmalıdır.
Xatırladaq ki, Ailə Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəlləsinin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Məcəllənin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu hallara görə yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanılmasına yol verilmir. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

İkili vədəndaşlıq daşıyan şəxs ölkə hüdudlarından kənarda yaşayırsa…

Səfa Camalzadə bildirib ki, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah diplomatik nümayəndəliklərdə və ya konsulluq idarələrində bağlanır. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah da Azərbaycan Respublikasında etibarlı hesab edilir. Onun sözlərinə görə, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün diplomatik nümayəndəlik və konsulluqlarına nikaha daxil olan şəxslərin yazılı razılığı,nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti, xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd, subaylıq haqqında arayış,dövlət rüsumunun ödənilməsi barədə qəbz, əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərinin (arvadının) ölümü haqqında şəhadətnamə (surəti), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim olunmalıdır. Bu sənədlərə həmçinin, nikahın qeydə alınması və nikah haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi, nikah haqqında akt qeydinin nümunəsi, nikah haqqında şəhadətnamənin nümunəsi, nikah haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi əlavə olunmalıdır. Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır”.
Onu da qeyd edək ki, Ailə Məcəlləsinin 157-ci maddəsinə əsasən, xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

İkili vətəndaşlığı olan şəxsdən xüsusi sənəd tələb olunur

Bakı Hüquq Mərkəzi şirkətinin əməkdaşı Elnur Əliyev Azərbaycan vətəndaşlığının əldə olunması şərtlərindən danışaraq bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, ölkə ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq öz vəsatəti ilə vətəndaşlığa qəbul edilə bilər. Onun sözlərinə görə, 5 il daimi yaşama müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır və o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun: “Bəzi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər . Məsələn, şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda, şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda bu addımın atılması mümkündür”.
Ekspert onu da deyib ki, vətəndaşlığı qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir. Elnur Əliyev bildirir ki, bütün sənədlər təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Onun sözlərinə görə, vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır və nəticələri barəsində müraciət etmiş şəxslərə yazılı məlumat verilir. Dövlət Miqrasiya Xidməti isə təqdim olunmuş sənədləri rəy verilmək üçün Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir. MTN-ə və DİN-ə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezident Administrasiyasına göndərir. Həmin komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikası prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində müvafiq sərəncam verilir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
rubrikasından digər xəbərlər