İndoneziya 272 min ton civarında yüngül xam neft daşıyan İran tankerini və Kamerun bayraqlı "MT S Tinos" neft tankerini həbs edib. Səbəb kimi isə ərazi sularında müəyyən tədbirlərin görülməli olduğu diqqətə çatdırılıb və bu da ölkələr arasında gərginlik yaradıb.
Hafta.az-ın yazdığına görə, İndoneziya Dəniz Təhlükəsizliyi Agentliyi (Bakamla) Şimali Natuna dənizi yaxınlığında icazəsiz neft nəqli həyata keçirdiyi iddia edilən İran bayraqlı “MT Arman 114” və Kamerun bayraqlı “MT S Tinos” tankerlərini limana çəkib. Bu haqda İndoneziyanın rəsmi xəbər agentliyi “Antara” məlumat yayıb
Təxminən 272 min ton yüngül xam neft daşıyan İran tankerinin Kamerun bayraqlı “MT S Tinos” neft tankerinə qeyri-qanuni yolla neft ötürdüyü və iki tankerin xəbərdarlıqlara baxmayaraq Malayziya ərazi sularına qaçmağa çalışdığı bildirilib. Daha sonra Şimali Natuna dənizi yaxınlığında görünən İran bayraqlı neft tankerinin Malayziyanın köməyi ilə saxlanıldığı qeyd edilib.
Məlumata əsasən, tankerin xarici ölkə vətəndaşları olan bütün ekipaj üzvü də saxlanılıb.