İran İnqilab Keşikçiləri Korpusunun (DMO) əməliyyatlar üzrə komandir müavini Abbas Nilfuruşan bildirib ki, İraq sentyabrın 22-dək Kürdüstan muxtariyyəti ərazisindəki və dolayısıyla İrandakı kürd müxalifət qruplarını tərksilah etmək öhdəliyini yerinə yetirməsə, İraq Kürdüstanını bombalayacaqlar.
Hafta.az-ın yazdığına görə, təxminən iki həftə əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirmişdi ki, İraq bu ayın 22-nə kimi kürd qruplarını tərksilah edəcəyinə söz verib.
Nilfuruşan DMO-ya bağlı “Tesnim” Xəbər Agentliyinə bildirib ki, Bağdadla Tehran arasında ötən ilin martında imzalanmış təhlükəsizlik müqaviləsinə əsasən, İrandakı müxalif kürd qrupları tərksilah edilməzsə, onun qüvvələri “əvvəlki mövqelərinə” qayıdacaq.
Kürd mənbələri bildiriblər ki, indiyədək "yerdə vəziyyət heç dəyişməyib və heç kim tərksilah üçün bir addım atmayıb".
İranın hədələri Məhsa Əmininin ölümünün birinci ildönümünə bir neçə gün qalmış gəlib. Xatırladaq ki, Əmini İranın qərbində kürdlərin yaşadığı Saqqız şəhərində ictimai etirazlara səbəb olan Əxlaq Polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişib. İran Qərb dövlətlərini və kürd qruplarını etirazları alovlandırmaqda ittihamlayıb.