İran İsrail sərhədinin 20 kilometrliyində hərbi hava bazası tikir

10:43 12.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin müdafiə naziri Yoav Qallant İranın Livanın cənubunda hərbi hava bazası qurduğunu təsbit etdiklərini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Yoav Qallant Reyçman Universitetində keçirilən konfransdakı çıxışında İranın Livanın cənubundakı Cəbəl Qalaat Cabbur bölgəsində hava bazası inşa etdiyini deyib. "Əldə edilən peyk görüntülərində hava bazasındakı uçuş-enmə zolağının yaxınlığında İran bayrağı dalğalanır" deyən nazir Qalant, İranın bu hava limanında İsrail vətəndaşlarına qarşı əməliyyatlar keçirməyi planlaşdırdığını iddia edib.

Sözügedən bazada İrandan başqa Hizbullaha məxsus bayraq da görünür.

Qallant bildirib ki, İsrailə hücum edilərsə, onlar öldürücü güc tətbiq etməkdən çəkinməyəcəklər, Hizbullah və İran bunun əvəzini ağır ödəyəcək.

İsrailin son vaxtlar Livan sərhədində İran və Hizbullahla gərginliyinin artdığı məlumdur.