Əslində bizim İslam dövləti kimi İrandan çox böyük umacağımız var. Dövlət İslam qanunları ilə idarə olunur və bu gün İslam əxlaqını tapdalayan, müqəddəs yerlərimiz olan məscidlərə donuz bağlayan bir dövlətə qarşı İranın laqeyd manasibəti təəccüb doğurur.
Bu fikirləri hafta.az-a Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, dünyanın harasında İslam dövləti varsa, orada məscid var, ora Allahın müqəddəs evidir:
“Dövlətin öz dövlət siyasəti var, amma elə məsələlər var ki, nə İranındır, nə bizimdir, nə Ərəbistanındır. Əgər biz Məhəmmədi peyğəmbər, dinimizi İslam sayırıqsa, bu dinin qanunları ilə idarə olunan dövlət ona zərər gətirənlərə qarşı qətiyyətli münasibət göstərməli idi. Biz bunu İrandan gördükmü, yox. Əksinə, neçə illərdir İran həmin o məscidə donuz bağlayanların müdafiəçisi kimi çıxış edir. İran Ermənistanın regionda boğulmasının qarşısını alır. İndi də, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra ermənilərə ərzaq dolu maşınlar göndərir. İçində allah bilir başqa nələr var. Ona görə də İranın bu davranışı çox qəribədir. Görünür siyasət İranın İslam əxlaqını üstələyir. Biz də hesab edirik ki, Allah var, hər şeyi nizama çəkir, biz haqq sahibiyik. Biz heç kimin torpağına göz dikmirik. Nə heç kəsin işinə qarışmırıq. Azərbaycan müstəqil dövlətdir. Kiminsə çaldığı hava ilə oynaya bilməz. Hansı dövlətlə istəsə münasibət yarada bilər. Azərbaycana qarşı münasibətlərində dürüst olan, müstəqilliyinə, qanunlarına hörmət edən, ərazi bütövlüyünü tanıyan hər bir dövlət Azərbayacan xalqı üçün əzizdir. Heç kəs buna qarşı bir söz deyə bilməz”.