İran Polis Xidmətinin sözçüsü Seyid Muntazer Mehdi, məcburi hicab qaydasını pozanlarla mübarizə üçün ölkə daxilində tətbiqə başladıqlarını söyləyib.
Hfata.az-ın İRNA-ya istinadən yazdığına görə, polis xidmətinin sözçüsü Mehdi deyib ki, israrla hicab qaydasını pozanlara qarşı ölkə daxilində avtomobillə və piyada patrullar qurulacaq. Bu şəxslərə polis tərəfindən xəbərdarlıq ediləcək. Xəbərdarlıqlara məhəl qoyulmazsa, sözügedən şəxslər prokurorluğa aparılacaq, daha sonra məhkəməyə göndəriləcək.
O, qadınlardan bu məsələdə polisə köməklik etmələrini istəyib.
Ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə öldükdən sonra ölkə boyu etirazlar başlayıb. Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib. Təxminən 4 aya yaxın davam edən nümayişlərdən sonra bəzi şəhərlərdə qadınların məcburi hicab qaydalarına əməl etməməsi ilə bağlı tənqidlər səslənir.
Sosial mediada ölkədə bəzi qadınların küçələrdə və iş yerlərində hicabsız gəzdiyi görünərkən, son zamanlar bu vəziyyətdən narahat olan rejim tərəfdarları mühafizəkarlar reaksiya verərək hakimiyyəti sərt qaydalar tətbiq etməyə çağırırlar.