İranda qənaət etməyən 95 dövlət qurumunun işığı kəsilib

09:45 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran hökuməti ölkədə elektrik enerjisindən həddindən artıq istifadəni məhdudlaşdırmaq üçün qənaət sirkulyarını dərc edərək, şərtlərə əməl etməyənlərə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. Nazirlər Şurası hər bir quruma əvvəlki ildə istifadə olunan elektrik enerjisinin miqdarını 30 faiz azaltmağı tapşırmışdı.

Hafta.az-ın yazdığına görə, İran bu qərara əməl etməyən dövlət qurumlarına qarşı sanksiyalar tətbiq edib. Tehran Elektrik Paylayıcı Şirkəti 95 dövlət müəssisəsinin elektrik enerjisini kəsib.

Son 11 ilin ən isti günlərinin yaşandığı İranda elektrik enerjisindən istifadə azalmaq bir yana, əksinə artıb. Elektrik paylayıcı şirkətin məlumatına görə, ötən illə müqayisədə sutkada 6 min meqavat çox elektrik enerjisi istehlak edilir.

İranda elektrik enerjisi istehlakı dünya üzrə orta göstəricidən yüksəkdir. Ötən yay ölkədə həddindən artıq istifadə səbəbindən tez-tez elektrik enerjisi kəsilirdi. Bu vəziyyət sənayeçilərin və ictimaiyyətin reaksiyasına səbəb olurdu. Hökumət bu problemləri aradan qaldırmaq üçün məhz pula qənaət etmək istəyir.

İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Tehran Elektrik Paylayıcı Şirkətinin baş direktoru Kasım Şehabi deyib: “Nazirlər Şurasının qərarına əsasən, banklar, dövlət idarələri və silahlı qüvvələr kimi qurumlar bu il iş saatlarında elektrik istehlakını 2021-ci ilə nisbətən 30 faiz azaltmalıdırlar”.