İranda uşaqlara ərəb dilinin tədrisi rəsmən yasaqlandı

09:26 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tehran hökuməti “İranlı uşaqların şəxsiyyətinin bu dövrlərdə formalaşdığını” və bu səbəbdən uşaq bağçalarında və ibtidai məktəblərdə xarici dillərin tədrisinin rəsmən qadağan edildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, İranın təhsil nazirliyinin rəsmisi Məsud Tehrani-Fərjad bildirib ki, "Uşaq bağçaları, körpələr evi və ibtidai məktəblərdə xarici dillərin tədrisi qadağandır, çünki bu yaşlarda uşağın iranlı kimliyi formalaşır".

İran 2018-ci ildə ibtidai məktəb səviyyəsində ingilis dilinin tədrisini qadağan edib, lakin orta məktəb səviyyəsində tədris olunur.

Tehrani-Fərjad həmçinin vurğulayıb ki, xarici dillərin tədrisinə qoyulan qadağa təkcə ingilis dili ilə məhdudlaşmır, ərəb dili başda olmaqla, digər dilləri də əhatə edir.

İranın yeganə rəsmi dili olan fars dili ərəb dilindən çox təsirlənir, baxmayaraq ki, o, fransız və ingilis dillərindən də sözlər götürür.

2022-ci ilin iyun ayında Təhsil Nazirliyi “ingilis dilinin inhisarını aradan qaldırmaq” məqsədilə ölkədəki məktəblərdə “sınaq fransız dili tədrisinin” tətbiqi planlarını açıqlayıb.

Sentyabrda hökumət iranlı və ya ikimillətli tələbələrin beynəlxalq məktəblərə getməsini yasaqlayaraq, iranlı uşaqların ölkənin məktəb proqramına riayət etməli olduqlarını bəyanlayıb.

Bu qərar Tehranın bəzi məktəblərində, xüsusən də fransız və alman məktəblərində şagird qəbulunun kəskin azalmasına səbəb olub.