Bu gün Gürcüstanın Tbilisi şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Dövlət Xidmətləri Forumu keçirilir.
Hafta.az xəbər verir ki, tədbirdə 100-ə yaxın ölkədən 500-ə yaxın nümayəndə iştirak edir. Ölkəmizi bu forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi təmsil edir.
DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev bildirib ki, forumun əsas məqsədi dövlət xidmətləri ilə bağlı BMT-nin iki ildən bir təqdim etdiyi beynəlxalq səviyyəli mükafatın təqdim olunmasıdır. Azərbaycan 1 il əvvəl "Hamı üçün əlçatan və inklüziv dövlət sosial müdafiə xidmətləri təşəbbüsü" ilə çıxış edib.
"Ümumiyyətlə bu forumda müxtəlif nominasiyalar üzrə 12 mükafatlandırma həyata keçiriləcək. Biz də ümid edirik ki, bu mükafatlandırmaya təqdim etdiyimiz təşəbbüs uğur qazanacaq", - deyə Zəka Mirzəyev vurğulayıb.
Onun sözlərinə görə, DSMF-nin təqdim etdiyi təşəbbüs əsas üç istiqaməti əhatə edir. Bunlar dövlət sosial müdafiə xidmətlərinin rəqəmsallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində proaktiv sosial müdafiə xidmətlərinin təqdim olunması və əhaliyə çatdırılması, eyni zamanda, tam nəticə etibarilə dövlət sosial müdafiə sahəsində inzibati xidmətlərin təşkiləşdirilməsi, eləcə də fondun mərkəzləşdirilmiş struktur formasının tətbiq edilməsidir:”Azərbaycan tərəfi hər üç istiqamət üzrə forum çərçivəsində təşkil olunan müzakirələrdə, panel sessiyalarda və seminarlarda iştirak edir, təcrübəni müxtəlif qurumların nümayəndələri ilə bölüşür. Azərbaycan tərəfindən təqdim olunan təşəbbüs çox yüksək qiymətləndirilir".
Zəka Mirzəyev vurğulayıb ki, ölkəmizdə elektron xidmətlərin tətbiqi, proaktiv xidmətlərə keçilməsi ilə bağlı təşəbbüslər uğurla həyata keçirilir və çox yüksək nəticələr əldə olunub.