İran Su Sənayesi Nazirliyinin sözçüsü Haşim Əmini ölkənin su problemi və quraqlıqla mübarizə strategiyası ilə bağlı mətbuat konfransı keçirib.
Hafta.az-ın İLNA-ya istinadən yazdığına görə, Əmini ölkənin 269 şəhərində su böhranı olduğunu bəyan edərək, Məşhədin suyunu təmin edən “Dostluq” bəndinin ağır vəziyyətdə olduğunu, Təbrizdəki “Nəhənd” bəndinin isə quruduğunu diqqətə çatdırıb.
Zəncan və Tabas yeraltı sularının və Sistan-Bəlucistandakı gölməçələrin təhlükədə olduğunu bildirən Əmini ölkə ərazisindəki bəndlərdəki suyun qənaətlə istifadə edilməsinin lazım olduğunu vurğulayıb.
İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Əli Selacekə də ötən həftə quraqlıq səbəbindən suyun səviyyəsinin aşağı düşdüyü Urmiya gölünün vəziyyətinin yaxşı olmadığını və problemin beynəlxalq xarakter daşıdığını bildirib.
İranlı ekspertlərin fikrincə, ölkədə su böhranı “yaşayış sahəsinin kiçilməsini, iqtisadi, sosial və mədəni münaqişələri” özü ilə gətirir.
İrandakı quraqlıq və administrasiyanın su ehtiyatlarını idarə edə bilməməsi son illər ölkənin bəzi əyalətlərində etirazlara səbəb olub.