İraqın Pakistandan JF-17 qırıcıları almağı planlaşdırdığı iddia edilir.
Hafta.az-ın “The News International” qəzetinə istinadən yazdığına görə, Bağdad rəhbərliyi Çin və Pakistanın birgə istehsal etdiyi JF-17 döyüş təyyarələrini almağa hazırlaşır. Bağdad rəhbərliyinin Pakistana aid bir şirkətlə döyüş təyyarələrinin alınması üçün müqavilə imzaladığı bildirilən xəbərdə, razılaşma çərçivəsində İraqa nə qədər JF-17 Blok III-ün təslim ediləcəyi ilə bağlı məlumat yer almayıb.
Məlumata görə, İraqın müdafiə naziri Cuma İnad, "Pakistan şirkəti ilə təyyarələrin alınması üçün müqavilə imzaladıq" deyib. Bağdad administrasiyası ilə Pakistan arasında döyüş təyyarələrinin satışı ilə bağlı danışıqlar iki ildir ki, davam edirdi.
Bəzi pakistanlı mənbələr sazişin bir hissəsi olaraq İraqın Pakistandan ehtiyat hissələri, təlim və silahlar daxil olmaqla təxminən 1,1 milyard dollara 12 ədəd JF-17 Block III döyüş təyyarəsi alacağını yazıb.
Razılaşmanın rəsmiləşməsi üçün İraq parlamenti tərəfindən təsdiqlənməlidir.