Yüzlərlə iraqlı çərşənbə axşamı Bağdadın əl-Kerh rayonunun yanındakı ən-Nusur meydanında Türkiyənin əleyhinə aksiya keçirib. Bəzi ekspertlər yaxın 10 ildə Dəclə və Fərat çaylarının demək olar ki, tamamilə quruyacağını və bunun əhaliyə də təsir edəcəyini proqnozlaşdırırlar.
Hafta.az-ın yazdığına görə, Ankaranın su siyasətini pisləyən şüarlar səsləndirən nümayişçilər İraq hakimiyyətindən su məsələsini beynəlxalq platformalara çıxarmağı və türk mallarını boykot etməyi tələb ediblər. İki ölkə arasında ticarət dövriyyəsinin dəyəri illik orta hesabla 15 milyard dollara çatır.
Bağdad dəfələrlə Ankaranın su payının artırılması tələblərinə cavab verməməsindən, həmçinin Türkiyənin Dəclə çayının üstündə tikdiyi bəndlərdən şikayətlənib. Bununla belə, meydanda vəziyyət dəyişməyib. Ölkənin çaylarının, göllərinin və bataqlıqlarının yavaş-yavaş qurumağa doğru getməsi iraqlıları getdikcə daha çox qorxudur.
Türkiyənin İraqın bu mövzuda tələblərinə cavab vermədiyini təsdiqləyən İraqın Su Ehtiyatları naziri Avn Diyab Abdullah son mətbuat şərhində, “İraq vədlərə baxmayaraq Türkiyədən buraxılan suyun nisbətində hələ də yaxşılaşma görməyib. Qonşu ölkələrdən suyun buraxılmaması, bəzi fermerlərin ənənəvi üsullarından istifadə edərək əkinlərini suvarmağa vadar edir. Eləcə də Dəclədə su səviyyəsinin enməsi səbəbindən balıqçılığa da mənfi təsir hiss olunur” deyib.
Bununla belə, o əlavə edib ki, ardıcıl dörd quraqlıq mövsümündən sonra təqdim olunan göstəricilərə görə, növbəti yağışlı qış mövsümündə suyun kəmiyyət və keyfiyyətində yaxşılaşmanın ola biləcəyinə dair müsbət əlamətlər var.