İri dövlət şirkətlərinin idarəçiliyində yeni dövr - Araşdırma

12:32 16.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkədə məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə daha dörd dövlət müəssisəsi verilib. Belə ki, dövlət başçısının imzaladığı sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Ümumilikdə, AİH-nin tərkibinə 21 dövlət müəssisəsi daxildir. Bunlar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azər-Türk Bank” ASC, “Azəristiliktəchizat” ASC, “Təmiz Şəhər” ASC, eləcə də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlar – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Aztelekom” MMC, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətidir.

Dövlətə dağ boyda yük olan müəssisələr

Çoxlarına bəllidir ki, Azərbaycanda dövlət mülkiyyətində olan irili-xırdalı xeyli müəssisə var. Onların bəziləri mənfəətlə işləsə də, bəziləri, xüsusən də iri müəssisələrin əksəriyyəti zərərlə işləyir. Buna görə də dövlət məcbur qalaraq hər il büdcədən həmin müəssisələrə subsidiya verir. Təbii ki, zərərlə işləyən dövlət müəssisələri dövlət büdcəsinin səmərəliliyini yalnız aldığı subsidiyalarla aşağı salmır. Həm də xaricdən cəlb edilən borcların müəyyən hissəsi həmin müəssisələrin investisiya layihələrini maliyyələşdirmək üçün istifadə olunur. Xaricdən cəlb edilən həmin vəsaitlərin bir hissəsi dövlət büdcəsinin hesabına qaytarılır. Məsələn, Hesablama Palatasının rəylərində bildirilir ki, 2019-cu ildə dövlət büdcəsinin ayrı-ayrı istiqamətlərindən 30 iri dövlət müəssisəsinə ümumilikdə 3,955 milyard manat məbləğində vəsait ayrılıb. Bu məbləğin 3,054 milyard manatı və ya 77,2 faizi dövlət əsaslı vəsait qoyuluşu, 545,4 milyon manatı və ya 13,7 faizi əvvəlcədən bölgüsü müəyyənləşdirilən xərclər, 251,2 milyon manatı və ya 6,3 faizi birdəfəlik təyinatlı və tədbirlər üzrə xərclər, 100,9 mln. manatı və ya ya 2,6 faizi Ehtiyat Fondları, 3,7 milyon manatı və ya 0,2 faizi büdcədənkənar xərclər üzrə olub.

Gəlin bir də bu müəssisələrin dövlət büdcəsinə etdiyi ödənişlərə diqqət yetirək.

Məsələn, 2019-cu ildə büdcəyə "Azərbaycan Dəmir Yolları” QSC 10,8 milyon manat ödədiyi halda, büdcədən 652 milyon manat, "Azərsu" Səhmdar Cəmiyyəti 24,6 milyon manat qarşılığında 483,7 milyon manat, Dövlət Neft Şirkəti "Azəriqaz" Səhmdar Cəmiyyəti 34,2 milyon manat ödədiyi halda 462,3 milyon manat, "Azərenerji" Səhmdar Cəmiyyəti 90,8 milyon manata qarşılıq 403 milyon manat, "Xəzər Dəniz Gəmiçiliyi" QSC 24,5 milyon manat ödədiyi halda, 44 milyon manat, "Azərbaycan Hava Yolları” QSC 35,9 milyon manat ödədiyi halda, 10 milyon manat subsidiya alıb. Adıçəkilən böyük şirkətlərin büdcədən aldğı subsidiya 2 milyard manatdan çoxdur. Dövlət şirkətləri büdcədən 4 milyard manat subsidiya aldığı halda, büdcəyə cəmi 1,847 milyard manat ödəniş ediblər. Bu ödənişin də 1,411 milyard manatını SOCAR verib. Digər şirkətlərin payına 436 milyon manat düşüb. Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan müəssisələrin payı 24,1 faiz təşkil edib.

Digər bir məqam, dövlət müəssisələrinin fəaliyyəti nəticəsində yaranan xarici borcla bağlıdır və bu müəssisələrin xarici borcu da çoxdur. 2020-ci ilin əvvəlində dövlətin xarici borcu 9,091 milyard dollar olub. Bunun 390 milyon dolları "Meliorasiya və su təsərrüfatı” ASC-yə, 970,3 milyon dolları "Azərsu"ya, 885,8 milyon dolları "Azərbaycan Dəmir Yolları” ASC-yə verilib. Bağlanan müqavilələrə əsasən "Meliorasiya və su təsərrüfatı” ASC-yə görə 627,1 milyon dollar, "Azərsu"ya görə 1,269 milyard dollar, "Azərbaycan Dəmir Yolları” ASC-yə görə 1,368 milyard dollar əlavə borc alınacaq.

Hesabatlılıq, şəffaf idarəetmə, səmərəliliyin artırılması…

Təbii ki, bu faktlar dövlət şirkətlərinin dövlət büdcəsi üçün çox ağır yük olduğunu bir daha təsdiqləyir. Şirkətlərin idarə edilməsi nəticəsində yaranan ağır maliyyə təminatı isə məhz idarəetmənin düzgün təşkil edilməməsindən qaynaqlanır. Buna görə də dövlət başçısının 7 avqust 2020 tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Holdinqin nizamnamə kapitalı 10 mln manat təşkil edir. İlk 3 il büdcədən, sonrakı illər əsasən idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizi hesabına maliyyələşəcək.

Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə görə, holdinqin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. İdarə Heyəti 5 üzvdən - sədrdən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə məsul olan baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktor holdinqin cari fəaliyyətinə rəhbərlik edir.

Nizamnaməyə əsasən, AİH-ə iri dövlət şirkətləri ilə bağlı mühüm səlahiyyətlər verilib. Holdinq onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyət istiqamətlərini qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək; dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək; dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq; dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq; dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək; dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq; dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək; dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanmasında iştirak təşkil edir.

Beynəlxalq təcrübə nə deyir?

Yeri gəlmişkən, dövlət investisiya holdinqi bir idarəetmə institutu kimi dünyada çoxdan tətbiq olunur. Məsələn, Sinqapur (Temasek), Malayziya (Khazanah), Qazaxıstan (Samruk Kazına) və digərləri uğur nümunələri olaraq qəbul edilir. Bu ölkələrdə Dövlət Müəssisələri idarə edən dövlət investisiya holdinqləri beynəlxalq təcrübədə geniş yayılıb. Azərbaycan hökuməti də hər üç ölkənin bu sahədə mövcud olan təcrübəsini yaxından araşdıraraq İnvestisiya Holdinqinin yaradılması barədə qərar qəbul edib. Həmin ölkələrdə tətbiq edilən model dövlət müəssisələri və özəl sektor arasında rəqabətin ədalətli və bərabər şərtlərlə aparılmasını təmin edib. Eyni zamanda, dövlət müəssisələri səmərəli fəaliyyət göstərməklə milli inkişaf hədəflərinə nail olunmasına xidmət edib. Məsələn, Sinqapur dünyanın 20 ən kiçik ölkəsinin siyahısında olsa da, iqtisadi inkişafına görə dünyada lider ölkələrdən sayılır. Bu ölkədə təkcə iri dövlət müəssisələri deyil, kiçik və orta müəssisələr vahid qrupa birləşdirilib. Bu müəssisələrin inkişafında, xüsusən dövlətin apardığı inteqrasiya siyasəti müsbət rol oynayır. Bu, bu cür müəssisələrin qruplara birləşdirilməsini və ən müasir texnologiyalarla təmin edilməsini əhatə edir. Fikir olduqca sadə və effektivdir: kiçik və ya ortaölçülü bir müəssisə tez-tez yeni bir yüksək texnoloji istehsalını lazımi səviyyədə başlada bilmir. Bir qrup belə müəssisə üçün bunu etmək daha asandır. Bütün istehsal zəncirini bir-birləri ilə bölüşür və nəticədə genetika, immunologiya, ekologiya, biotexnologiya və elektron sənayesi üçün komponentlərin istehsalı sahələrində çox yaxşı nəticələr əldə edirlər. Sinqapurda, təxminən, 130 000 kiçik və orta müəssisə var. Bu, ölkədəki bütün müəssisələrin 92 faizini təşkil edir. İstehsal olunan məhsulların əlavə dəyərinin, təxminən, 35 faizini və Sinqapur ÜDM-nin 25 faizdən çoxunu təşkil edir. Bundan əlavə, kiçik və orta sahibkarlıq da illik məşğulluq artımının 7 faizini təmin edir. Dövlətin iqtisadiyyatın bu sektorunun inkişafına güclü dəstək verməsi təəccüblü deyil. Hökumət kiçik və orta kateqoriyaya aid olan müəssisələrini beynəlxalq səviyyədə rəqabətədavamlı etməyə çalışır, çünki bu ölkədə əmindirlər ki, rəqabətsiz bir sahibkar bütün dövləti rəqabətsiz edir.

Rəqabət qabiliyyətli məhsulların istehsalı genişləndirilə bilər

Millət vəkili, iqtisadçı Vüqar Bayramov  hesab edir ki, Dövlət İnvestisiya Holdinqinin fəaliyyəti iri dövlət şirkətlərinin idarəçiliyində yeni dövrün başlanması deməkdir: “Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, hazırda ölkədə məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında da xüsusi rola malikdir. Dövlət İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması baxımından çox vacibdir. Bu bizə korporativ idarəetmə metodlarını dövlət idarəetmə müəssisələrində tədbiq etməyə imkan yaradacaq. Bu holdinq hesabatlılığı artıracaq, həmçinin ictimai nəzarət imkanlarının da genişlənməsinə gətirib çıxaracaq. Holdinq konkret olaraq səmərəliliyi, şəffaflığı ölçən meyarlardan istifadə edəcək ki, bu da praktik olaraq hər bir dövlət müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsində önəmlidir. Digər tərəfdən, İnvestisiya Holdinqi dövlət müəssisələrinə ixrac imkanları da yaradacaq. Holdinqin əsas vəzifələrindən biri ixrac imkanlarının genişlənməsi yönündə təkliflər hazırlamaq və dövlət müəssisələrinin bundan istifadə etməsi üçün zəruri şərait formalaşdırmaqdır. Holdinq yeni ixrac bazarlarının tapılması, rəqabət qabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixrac edilməsi baxımından çox vacib rol oynayacaq”.