İsrailin aparıcı media qurumlarının internet saytlarının kiberhücuma məruz qaldığı bildirilib.
Hafta.az-ın yazdığına görə, “Jerusalem Post” qəzetinin internet saytı, İsrail İctimai Yayım Təşkilatı (KAN), i24 və Kanal 2-nin kiber hücumlara məruz qaldığını açıqlayıb.
Bunun “genişmiqyaslı əməliyyatın bir hissəsi” olduğunu iddia edən xəbərlərdə, bir gün öncə İsrailin böyük universitetlərinə qarşı “Anonim Sudan” haker qrupunun hücumu xatırladılıb. Sözügedən qrupun Fələstin tərəfdarı olduğu və "İsraili fələstinlilərə qarşı işlədiyi cinayətlərə görə cəzalandırdıqları" qeyd edilib. Qrupun aprelin 7-də daha böyük hücum planlaşdırdığı da bildirilib.
Xatırladaq ki, aprelin 4-də Tel-Əviv Universiteti, Yerusəlim İvrit Universiteti, Negev Ben-Qurion Universiteti, Hayfa Universiteti, Veizman Elm İnstitutu, İsrail Açıq Universiteti və Reyxman Universitetinin internet saytlarına hücum səbəbilə daxil olmaq mümkün olmayıb.
“Anonim Sudan” adlı qrup da Telegram hesabından verdiyi açıqlamada İsraildəki universitetlərin internet saytlarına edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.