İtaliyanın şimalında - İtaliya Rivyerasında yerləşən balaca Seborga şəhəri müstəqil dövlət olmaq istəyir.
Hafta.az-ın yazdığına görə, bu şəhərin özünə aid bayrağı, milli marşı, pasportu, möhürü, pul vahidi və təbii ki, idarəedicisi var.

Qeyd edək ki, Seborga 1960-cı illərdən bəri öz müstəqilliyinin bərpa olunacağı günü gözləyir.
Seborga, yuxarıda da qeyd etdiyimiz kimi, İtaliyanın şimalında, Fransaya yaxın ərazidə yerləşir. Təxminən 13 kvadratkilometr ərazisi olan şəhər-knyazlıqda 300-dən artıq məhəllə mövcuddur.

Şəhərə gedən yol rəsmi olmayan, Seborganın bayrağının rənginə boyanmış sərhəd-buraxılış qapısından keçir. Qapıda nəzarətçi otağı da var və ara-sıra orda sərhəd qoruyucularını da görmək mümkündür.
Çox gözəl mövqeyə malik Seborga, dünyanın ən məşhur cırtdan ölkələrindən Monako Knyazlığı da daxil olmaqla, Rivyeranın əsrarəngiz mənzərələrini seyr edir.

Seborgaya seçilmiş şahzadə Nina rəhbərlik edir. Düzdür, Seborgada monarxiya qaydaları yoxdur, şahzadələr hər 7 ildən bir keçirilən seçkidə müəyyənləşdirilir və şahzadə Nina bu titula və vəzifəyə seçilən ilk qadındır.
Almaniyada doğulan Nina Döbler Menegatto, əvvəllər Monakoda yaşayıb və 15 il öncə keçmiş həyat yoldaşı ilə birlikdə Seborgaya köçüb. Əvvəlki şahzadə Marsello, şahzadə Nina ilə boşanandan sonra, yəni 2019-cu ildə hökmdarl titulundan imtina edib.

Xatırladaq ki, burada müstəqillik istəyi 1960-cı illərin ortalarında şəhərdə yaşayan Corcio Karbone adlı fermerin Seborganın tarixinə baxması və bəzi şeylərin səhv yazıldığını görməsindən sonra baş qaldırıb.
Belə ki, Seborga 954-cü ildə Venesiya keşişlərinin monastırına bağışlanıb. Keşişlər tərəfindən 1729-cu ildə Sarduniya Krallığına satılan şəhər bununla da İtaliya Krallığının bir parçasına çevrilib. Ancaq Karboneyə görə, satışın tarixi qeydi yoxdu və bu üzdən də Saborga heç vaxt qanuni şəkildə İtaliya ərazisi olmayıb. 1946-cı ildə İtaliya Respublikasının quruluş qanunlarında da Seborga Knyazlığının adı qeyd olunmayıb. Bu səbəblə də Seborga Knyazlığının hüquqi baxımdan mikro dövlət olduğu iddia edilir. Bu məlumatın ortaya çıxması ilə Seborgada müstəqillik tələbləri səsləndi və dövlətin bərpasına start verildi.

İtaliyanın Konstitusiya Məhkəməsi və hətta Avropa İnsan Haqları Məhkəməsi Seborganın təklifini rədd etsə də, şahzadə öz qərarında israrlıdır. "Bu asan olmayacaq. Bu gün, ya da sabah olmayacaq, amma heç bir şey imkansız deyil. Brexitə baxın", - deyib şahzadə Nina.