Jurnalistin oğlunun doğranmış cəsədi soyuducuda tapıldı

10:40 13.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə nəşr olunan “Milli Gazete”nin köşə yazarı Mustafa Kasadarın oğlu Məhəmməd Nuh Kasadarın ötən həıftənin əvvəlində qaçırıldığına dair xəbərlər yayılmışdı.

Hafta.az-ın yazdığına görə, jurnalistin oğlunun doğranmış cəsədi soyuducuda tapılıb. Fidyə almaq üçün qaçırılan Məhəmməd Nuhun ailəsi vəziyyətlə bağlı dərhal İstanbul Polis İdarəsinə xəbər vermişdi. Xəbərdarlıqdan sonra Qəsb Bürosu qrup yaradıb və hadisəni təqib edib.

Araşdırmalar və dindirmələr zamanı məlum olub ki, Kasadarın qaçırılmasının arxasında ailənin keçmiş işçisi dayanır. Şübhəli səhər saatlarında tutularaq polis nəzarətinə götürülüb. Daha sonra gənc Kasadarın tapılması üçün şübhəlinin verdiyi ünvanlarda reydlər aparılıb.

Basqınlardan biri Bayrampaşada bir evdə baş verib. Təəssüf ki, evin dondurucusunda Məhəmməd Nuh Kasadarın olduğu müəyyən edilən çürümüş və çılpaq cəsəd tapılıb.

Polisin apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, Kasadar qaçırıldıqdan az sonra öldürülüb və cəsədi parça-parça doğranaraq dondurucuya qoyulub. Ölümün dəqiq səbəbini və vaxtını müəyyən etmək üçün meyit Məhkəmə Tibb Ekspertizası İnstitutunun morquna aparılıb.
İstintaqı aparan qrupların ifadələrinə görə, həbsdə olan şübhəli dindirilmə zamanı qeyri-sabit hərəkətlər nümayiş etdirib və ziddiyyətli ifadələr verib. Şübhəlinin bu həftə məhkəmə qarşısına çıxacağı gözlənilir.