Bazar günü Kanadada uzaq məsafəyə işləyən yük avtomobillərinin sürücüləri ABŞ-ın şimal ştatı Montananı ölkənin qərb əyaləti Albertlə birləşdirən yolun hərəkətini öz yük maşınları ilə bağlayaraq dinc etiraz aksiyası keçiriblər.
Hafta.az xəbər verir ki, avtomagistralda uzunməsafəli tıxaca səbəb olan aksiya bir gün əvvəl, Kanadanın paytaxtı Ottavada minlərlə etirazçının marşı ilə başlayıb. Onlar hökumətdən koronavirus əleyhinə məhdudiyyətlərin ləğvini tələb edirlər.
Yanvarın ortalarında ABŞ sərhədini keçən yük maşınlarının sürücülərindən peyvəndlənmə pasportunun tələb edilməsi ilə fəallar “Azadlıq uğrunda konvoy-2022” formalaşdırıblar. Yanvarın 23-də Britaniya Kolumbiyası tərəfdən Ottava istiqamətində yük maşınlarının ilk karvanı yola düşüb. Şərqə üz tutan dəstəyə digər regionlardan olan həmkarları və şəxsi avomobillərdə onları dəstəkləyənlər də qoşulublar. Yanvarın 29-da Kanadada davam edən etirazlar fonunda Baş nazir Castin Tryudo təhlükəsizlik məqsədilə ailəsi ilə birgə iqamətgahını dəyişib. Bəzi insidentlər nəzərə alınmasa, Ottavadakı etirazlar dinc xarakter daşıyır.
Ötən həftə C.Tryudo bəyan etmişdi ki, yük maşınlarının karvanı bütün kanadalıların baxışlarını bölüşməyən “kiçik marginal azlığı” təmsil edir. Uzaq məsafəyə işləyən yük avtomobilləri sürücülərinin təqribən 90 faizi və əhalinin 77 faizi COVID-19 əleyhinə iki peyvənd vurdurub. Tryudo oktyabr seçkiləri ərəfəsində federal qulluqçuların vaksinlənməsinin zəruruliyini elan etmişdi, ötən ay isə Kanada və Birləşmiş Ştatlar bu qaydanı transsərhəd yük maşınlarının sürücüləri üçün də tətbiq ediblər.
Kanada mühafizəkarlarının lideri Erin O’Tul peyvəndlənmə üçün mandatlara qarşı çıxış edir və etirazçı sürücülərin bəziləri ilə cümə günü danışıqlardan sonra aksiyanı dəstəklədiyini bildirib.