Kataloniyadakı nudistlər istifadə etdikləri çimərliklərə çimərlik paltarında gələn turistlərə qarşı tədbir görülməsi üçün hökumətlə görüş tələb ediblər.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Kataloniya Təbiətçi-Nudist Federasiyası adlanan qrup keçən həftə İspaniyanın muxtar vilayətinin administrasiyası ilə görüş istəyib.
Qrupun “Kataloniya çimərliklərində nudistlərin üzləşdiyi ayrı-seçkiliyi” müzakirə etmək istəyinə rəhbərlik hələ də cavab verməyib.
Federasiya rəhbəri Segimon Rovira da müxtəlif petisiyalara başladıqlarını bildirərək, "İspaniyada nudizm qadağan deyil, bunu istənilən çimərlikdə edə bilərsiniz. Amma biz ənənəvi olaraq başqalarını narahat etməmək üçün nudistlərin getdiyi çimərliklərə üstünlük veririk və onların da qarşılıqlı hörmət etmələrini istəyirik” deyib.
Rovira bildirib ki, səyahət bloggerləri və yazarları turistləri ölkənin kəşf edilməmiş çimərliklərinə yönləndirir, buna görə də tez-tez nudistlərin istifadə etdiyi çimərliklər hər keçən gün daha da sıxlaşır.
Turistlərin "çılpaq çimərlik" işarələrindən asılı olmayaraq bu yerlərə axın etdiyini bildirən Rovira, "Çılpaqlar çox sıx olduqları üçün bəzi çimərliklərə getməyi dayandırdılar. Üzərində çimərlik paltarı geyənlər həddindən artıq çoxdur, nudistlər özlərini narahat hiss edirlər" deyib.
Üzgüçülük paltarında üzən turistlərin eyni çimərlikdə üzən nudistlərə qarşı narahatedici rəftarlar sərgilədiyini bildirən Rovira, "Təəssüf ki, qadınlara baxıb onları incidirlər. Yəni həm nudist, həm də qadın olanda qarşınıza çıxan xoşagəlməz hadisələrə məruz qalırsınız” deyib.